Qarın və bağırsaqlar yerə atılıb. Kəsilən heyvanın içalatı kanalizasiyanın yanında yuyulur.
Anews.az "Xəzər TV"-yə istinadən xəbər verir ki, görüntülər Bakının NZS qəsəbəsində çəkilib.
Bura ilk baxışdan kəsim məntəqəsi kimi görünsə də, əslində, ətin satışı da həyata keçirilir. Heyvanın antisanitar şəraitdə kəsilməsi bir yana, satışı da düzgün həyata keçirilmir. Yol kənarında açıq vəziyyətdə asılan ətə ətrafdan şütüyən avtomobillərdən toz hopur.
Bu qəsəbədə bir çox yerdə ət satışı həyata keçirilir. Çəkiliş zamanı çoxunda eyni mənzərəni müşahidə etdik. Heyvanın başı və ayaqları da daxil olmaqla, içalatı yerə atılır. Daha sonra isə elə yerdəcə təmizlənərək, satışa çıxarılır.
Qəssab-satıcıların başı ətin satışına o qədər qarışıb ki, vacib olanın heyvanın harada kəsilməsi yox, hansı şəraitdə kəsilməsi olduğunu unudublar.
Sakinlər heyvanın insanların gözü qabağında kəsilməsini düzgün hesab etmirlər. Onların sözlərinə görə, satış zamanı heyvanın cəmdəyi asıldığı təqdirdə, onlarda heç bir şübhə yaranmır. Bu cür kəsim məntəqələrində satılan əti almırlar.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, qanun yol kənarında, insanların gözü qarşısında heyvan kəsilməsini birmənalı şəkildə qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə görə, belə sahibkarları 200 manatdan, 300 manata qədər cərimə gözləyir. Heyvanın antisanitar şəraitdə kəsilməsi və satılması aşkar olunduqda, sahibkara əlavə sanksiya tətbiq olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !