Bakıda İslamə Abdullayevanın solo konserti – REPORTAJ

16:22 | 23.02.2016
Bakıda İslamə Abdullayevanın solo konserti – REPORTAJ

Bakıda İslamə Abdullayevanın solo konserti – REPORTAJ

Rüstəm Qasımov

Son bazar günü Alman-Azərbaycan mədəniyyət cəmiyyəti "Kapelhaus”da 35 nömrəli musiqi məktəbinin 11-ci sinif şagirdi, istdadlı ifaçı İslamə Abdullayevanın solo konserti keçirildi.  

Sərin Fevral gecəsi keçirilən klassik musiqi gecəsindən gözəl nə ola bilər, səhnədə məşhur ariyalar, romanslar və duetlər oxunur – İslamə Abdullayeva isə bu mahnıları özünün müəllimi, tanınmış azərbaycanlı vokalçı, "Üns” yaradıcı səhnəsinin solisti, Azərbaycan Dövlət Opera və Balet teatrının və Azərbaycan Dövlət xor kapellasının artisti İlham Nəzərovla birgə oxuyurdu. 
 


Musiqi gecəsində "Kapelhaus”u İslamə Abdullayevanı dinləməyə gələnlər doldurmuşdular. Tədbirə həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri və digər şəxslər təşrif buyurmuşdular. 

Konsertdə konsertmeyster kimi azərbaycanlı pianoçu Leyla Əliyeva çıxış edirdi. 

Qonaqların hamısı yerini alandan sonra konsertin açılışının vaxtı çatdı. Bu an səhnəyə İlham Nəzərov çıxıb qonaqları salamladı və bəyan etdi ki, indi səhnəyə müsiqi müsabiqələrinin qalibi, gənc vokalçı İslamə Abdullayeva çıxacaq, dinləyicilər Abdullayevi gur alqışlarla qarşıladılar. 

Gecə ingilis barokko bəstəkarı Henri Perselin "Didona və Eney” operasından olan "When I am laid in earth” ariyası ilə başladı. 
 


İslamənin biraz həyəcanlı olduğu sezilirdi, İlham Nəzərovun da həmçinin, o, kifayət qədər təcrübəli vokalçıdır, ancaq bu dəfə təkcə vokalçı kimi deyil, müəllim-pedaqoq kimi məsuliyyət daşıyırdı. 

Abdullayeva çıxış edəndə, Nəzərov ondan gözlərini çəkə bilmirdi. Ürəyində o, İslamə ilə birgə çıxış edirdi. Gənc vokalçı isə öz işinin öhdəsindən bacarıqla gəldi, ilk ifa yekunlaşan kimi zalı alqış səsi bürüdü, "bravo” nidaları yüksəldi. 

Sonra isə tamaşaçıların qarşısında Abdullayeva və Nəzərov dueti çıxdı, onlar görkəmli italyan bəstəkarı Karissiminin "Partenza dalla sua Donna” mahnısını ifa etdilər. Müəllim və tələbəsinin harmoniyasını görmək olduqca zövqlü idi. 
 


İfaçılar duet və tək halda ingilis, italyan, rus və alman dillərindəki ifaları bitirdikdən sonra, zaldakılar da hiss etdilər ki, artıq Azərbaycan mahnılarının vaxtıdır.  

Konsertdə sonda səslənən ariyalar məhz azərbaycanlı müəlliflərə məxsus idi. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və "Sevgili canan” romansı Abdullayevanın ifasında olduqca səmimi və gözəl alınırdı. İslamə Abdullayevanın incə və lirik səsi qonaqlara olduqca böyük həzz vermişdi, bu ifa heç kimi biganə qoya bilməzdi. 

Fasilələrdə İlham Nəzərov publikanı tələbəsi İslamə Abdullayevin bioqrafiyası ilə, onun 16 yaşına qədər əldə etdiyi uğurlar barədə məlumat verirdi. 

Bundan sonra gecənin ən gözəl və təsirli çıxışlarından biri baş tutdu. İfaçılar duet şəklində "Ave Mariya”nı oxudular. İfaçılar hər konsertin bəzəyi salınan bu əsəri yüksək səviyyədə və təsirli şəkildə ifa etmişdilər. 
 


Konsert yekunlaşandan sonra ANN.Az İlham Nəzərovdan gecə barədə təəssüratlarını öyrəndi. Nəzərov bildirdi ki, tələbəsi 11-ci sinif şagirdi olsa da, konservatoriyanın magistraturanın son kursunun tələbəsi kimi bacarıqla çıxış edib:

"İslamə artıq iki ildir ki, mənim sinfimdə oxuyur. O təkcə klassik musiqiləri deyil, caz da ifa edir. Mən onun çıxışından çox razıyam. Yaşının azlığına baxmayaraq, pedaqoqun ondan nə istədiyini çox gözəl başa düşür, musiqini hiss edir və həyatdan nə istədiyini dərk edir, bu isə çox vacibdir! İslamə zəhmətkeşdir, işləyəndir və perspektivlidir. Mən öz tələbəmlə qürur duyuram”. 

Mədəniyyəti, təhsili, elmi və maarifçiliyi təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini işıqlandırmaqda davam edir. Bu dəfə oxucularımıza "Kapellhaus”da baş tutan konsertdən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 


















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM