Bakıda nəqliyyatın hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir

14:45 | 29.05.2015
Bakıda nəqliyyatın hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir

Bakıda nəqliyyatın hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir

Bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Bakı 2015 I Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılması ilə bağlı konfrans keçrilib.

Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, Oyunlar zamanı yollarda hər hansı problem yaranarsa, onlar dərhal aradan qaldırılacaq.

Onun sözlərinə görə, Azərbaycan Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi, "Bakı Metropoliteni” QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Sərnişin Nəqliyyat” MMC, "BakuBus” MMC, NİİM və BEGOC-un nümayəndələri Avropa Oyunlarda zamanı yollarda nəzarəti NİİM-də quraşdırlımış monitorlarda vasitəsi ilə izləyəcəklər.

"Əgər Oyunlar zamanı hər hansı qəza baş verərsə, bütün aidiyyatlı qurumların nümayəndələrinə məlumat veriləcək və qəzanın nəticələrinin dərhal aradan qaldırılması üçün təbirlər görüləcək”.

Şəfa Mehmanqızı qeyd edib ki, Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internetsəhifələri;
-  Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları
-  Dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarında əldə etmək olar.

Bundan başqa Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları mobil telefona "Baku İTS” proqramını yükləməklə onlayn qaydada tanış olmaq olar.  

Əlavə olaraq, NİİM ANS TV vasitəsilə tamaşaçıları gün ərzində 4 dəfə yollardakı vəziyyət barədə məlumatlandıracaq. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt” telefonuna zəng etməklə hara, necə getmək lazım olduğu, alternativ yollar və s. barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər.

Şəfa Mehmanqızı bildirib ki, Bakıda baş tutacaq I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb.

Onun sözlərinə görə, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər:

"Fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq”.

Ş.Mehmanqızı qeyd edib ki, həmin buraxılış vəsiqələri kodlaşdırılıb və onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

Daha sonra tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Bakı-2015 Birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq.

Onun sözlərinə görə, bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək:

"Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər”.

O bildirib ki, belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər:

"Həmin zonada rəsmi saxlama  icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər".

BEGOC rəsmisi əlavə edib ki, "express” avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər:

"Lakin arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər”.

Afaq Hüseynli qeyd edib ki, Bakı-2015 Birinci Avropa Oyunları ilə əlaqədar bu gündən etibarən paytaxtda nəqliyyatın hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir.

Onun sözlərinə görə, plan dövlət qurumları ilə birgə hazırlanıb:

"Nəqliyyat planlarının işlənib hazırlanmasında əsas məqsəd oyunlar zamanı sakinlərin gündəlik həyatına, şəhərdə fəaliyyət göstərən şirkətlərin, qurumların iş fəaliyyətlərinə təsirlərin minimal olmasıdır. Bütün bunlar sınaqdan keçirilib. Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi məqsəd götürülüb”, - A.Hüseynli qeyd edib.

Menecer əlavə edib ki, bu gündən etibarən "Oyunların zolağı”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib:

"Zolağa həm yol polisi,  həm NİİM-in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanuna uyğun şəkildə cərimə olunacaqlar”.

A.Hüseynli qeyd edib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılır:

"Lakin biz çalışacağıq ki, bunun əhaliyə təsiri minimum olsun”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti