Anews.az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, çörəkpulu qazanmaq üçün əlacsız qalan qadınlar, nə olursa-olsun, işə əl atırlar. Burada, əsasən, təhsil, bilik tələb etməyən ağır iş tapmaq olar.
Dövlət tərəfindən iş təklif olunsa da, məvacibi ailənin xərclərini ödəmir. Rəsmi qurumların işçilərinin sözlərinə görə, dövlət tərəfindən həm iş və biznesin qurulmasında yardım, həm də müavinət almaq olar.
Qadınların yaşı ilk baxışdan 35-40 yaş arasıdır, bir-ikisi lap gənc görünür, iyirmi-iyirmi iki yaşdan artıq olmaz.
Bəziləri yolun qırağında gəzişir, bəziləri səkidə əyləşib, müştəri gözləyir. Onlara yaxınlaşanda kənardan bir neçəsi də yaxınlaşır: "İş var? İş var?"
Başqa məqsədlə gəldiyimi biləndə, münasıbətləri dərhal dəyişir: olduqca aqressiv davranmağa başlayırlar.
"Nəyə gəlirsiniz bura? Nə faydası var?", "Çox adam burada belə bir yer olduğunu heç bilmir!", - deyə başa salmağa çalışıram.
"Hamı bilir! - qısa, qıvrım saçlı, sərt üz cizgiləri olan qadın sözümü kəsir, - "Lider" də gəlmişdi, "ATV", "Xəzər" TV də, başqaları da!". "Bizi televizora çıxarmayın, bağlayarlar buranı!, - sarışın, gənc qadın yaxınlaşır, - Siz allah, imkan verin, çörək pulumuzu qazanaq, çıxın gedin buradan!"
Danışmağa razılaşan ancaq bir qadın olur. Ağzında dişlərinin bəziləri çatışmır, bəziləri qızıl dişlə dəyişdirilib. Əlində əl çantasından başqa bir böyük paket də var, özü dediyi kimi, içində işində lazım olan əşyalar - dəyişəcək paltar, toz bezləri gəzdirir.
Mahirə xanım gününü elə burada keçirir: "Özüm Cəlilabaddanam. Oradakı xəstəxanada, elə baş həkimin yanında işləmişəm. Amma vəziyyət ağır olub, gəlmişəm bura. İndi Sabunçuda kirayədə qalıram, yüz iyirmi manat da kirayə pulu verirəm. Yoldaşım özü Qarabağda döyüşüb, amma dövlət bizə heç bir müavinət vermir. Deyirlər, getməlisən hərbidə olduğun yerə, o da Yevlax rayonudur, sənədləri oradan yığıb-gətirməlisən. Ona da pulumuz yoxdur. Yoldaşım da qardaşımla bazarda ərzaq satırdı, indi də qardaşım Rusiyaya gedib, lap çətin oldu. Məşğulluq fondu səksən manatlıq iş verir mənə, heç kirayə puluma da çatmaz. Elə vaxt olur ki, on beş-iyirmi manat pul verirlər, yemək də vermirlər, günün istisində bizi aç-susuz işlədirlər. Elə vaxt olur ki, pulumuzu kəsən də olur. Mən buradakı bəzilərindən fərqli olaraq, işimi yaxşı, səliqəli görürəm. Ev yığışdırmağı da bacarmaq lazımdır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !