Bakıda satılan bir manatlıq dönərlərlə bağlı açıqlama

23:20 | 30.03.2017
Bakıda satılan bir manatlıq dönərlərlə bağlı açıqlama

Bakıda satılan bir manatlıq dönərlərlə bağlı açıqlama

Ölkədə ətin qiymətinin 10 manatdan baha olduğunu nəzərə aldıqda dönərin 1 manata satılması, təbii ki, şübhəli gəlir. 

Maraqlıdır ki, ətin nisbətən ucuz olduğu bir dövrdə dönərlərin qiyməti daha baha idi. Ətin qiymətinin qalxması fonunda dönərin qiymətinin aşağı düşməsi heç bir məntiqə sığmır.

Dönərlərin qiyməti keyfiyyətindən şübhələndirməyə əsas versə də, alıcı kütlə azalmaq yerinə artıb. Ümumiyyətlə, bəzi dönərxanaların yanından keçəndə iylənmiş ət iyini hiss etməmək mümkün deyil. 

Bəzi iddialar var ki, dönərxanalarda ölü heyvan və eşşək əti də satılır.

ANN.Az xəbər verir ki, satışda olan dönərin tərkibindəki ətin keyfiyyəti, mənşəyi barəsində iddialara Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.Az-a aydınlıq gətirib:

"50 qəpiyə də dönər ola bilər. Baxır o ətin mənbəyi nədir, nə ətidir. Ötən həftə TV kanallarla 3-cü mikrorayon bazarında reyd keçirdik. Məlum oldu ki, açıq satışda kiloqramı 4 manata olan təzə ət var. Soruşduq ki, bu nə ətidir? Bildirdilər ki, heyvanın başının ətidir. Hindistandan kiloqramı 3 manata ət gətirilir.

Təzə bazarda dəfələrlə polisin ifşa etdiyi murdar ətlər satılır. Hansı ki, o ətləri sahibindən 50 qəpiyə alırlar. Belə ətlər dönərxanalara gəlib çıxa bilər. 

3 il bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırlayıb. Dönərləri şişə taxan, hazırlayan müəssisələr müəyyən olunub. Bu işə cavabdeh dövlət qurumları var. Sadəcə, dövlətin əhəmiyyətli qərarları həyata keçirilmir.

"At əti, eşşək əti, dönərdə var ləzzəti” şeirini Beyləqandan yazıb bizə göndərən adam haqlıdır. Məlumdur ki, qida təhlükəsizliyi haqqında qanun olmadığından təhlükəli qidalar satılır, dönərxanalarda bunlar var”.

Dövlət Statistika Komitəsinin ölkədə 5 min eşşəyin yoxa çıxması ilə bağlı yaydığı məlumatdan sonra ictimaiyyətdə belə bir fikir formalaşdı ki, eşşəklər dönərxanalarda bişirilib, insanlara satılıb. 

Bununla bağlı məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, eşşək ətlərinin dönərxanalarda satılması istisna edilmir:

"Dövlət Baytarlıq Nəzarəti Xidməti eşşək ətinin satıla biləcəyini elan edib. Ancaq bunun bir şərti var ki, istehlakçını aldatmayasan, satılan ətin eşşək əti olduğunu yazmaq lazımdır. 

Bu mövqe ilə qətiyyən razı deyiləm. Eşşək əti Azərbaycanda yeyilmir. Baxmayaraq ki, 1963-cü ildə ermənilərin dəstəyi ilə bir dəfə Azərbaycanda eşşək ətinin yeyilməsi ilə bağlı rəsmi sənəd var. Bu sənəd bizdə də var. O sənəd bu zamana kimi təkzib olunmayıb. 

Bu, o deməkdir ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti o cür mövqe tutanda eşşək əti dönərxanalara verilə bilər. Ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun hazırlanmalıdır.

Ölkə prezidenti yaxın günlərdə fərman imzaladı ki, qida təhlükəsizliyi agentliyi yaradılacaq. Həmin agentlik 2018-ci ildən fəaliyyətə başlayacaq. Agentlik yaradılandan sonra bəlkə vəziyyət dəyişdi”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM