anews.az xəbər verir ki, bunu Trend-ə Milli Turizm Təbliğat Bürosunun (MTTB) mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, kartın hazırlanmasında məqsəd turistlərin məmnunluğunu təmin etmək, MTTB-nin bu layihədən gəlir əldə etmək istəyidir.
Dünyanın inkişaf etmiş bir çox ölkələrində belə kartların mövcud olduğunu deyən K.Quluzadə qeyd edib ki, turistlər üçün 2 cür – 30 günlük və 1 illik kartın hazırlanması nəzərdə tutulur. 1 illik kartın istifadə müddəti uzadıla da bilər: "Bu kartları əldə edən həm xarici, həm də yerli vətəndaş müəyyən xidmətlərdən pulsuz istifadə edə, müəyyən xidmətlərdən isə güzəştlə istifadə edə biləcək: "Kartlara muzeylərə giriş, Bakıda ekskursiya keçirən avtobuslardan, nəqliyyat vasitələrindən istifadə daxildir. Bu kart müəyyən mağazalarda endirim imkanı da verə bilər. Hazırda bunlar araşdırılır. Turistlər tərəfindən hansı xidmətlər daha çox alqışlanırsa, onu genişləndirəcəyik, hansı xidmətlərdən az istifadə edilərsə, onu azaldacağıq".
K.Quluzadə deyib ki, hazırda kartlarla bağlı layihə müvafiq dövlət və biznes strukturları ilə müzakirə edilir: "Ümid edirik ki, bu layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək".
Büro rəsmisi əlavə edib ki, turistlər üçün nəzərdə tutulan kartlar elektron olacaq. Bu kartları turizm agentliklərindən, şəhərdəki müəyyən satış nöqtələrindən əldə etmək, eyni zamanda, onlayn sifariş etmək də mümkün olacaq.
K.Quluzadə bildirib ki, hazırda kartın qiyməti müzakirə edilir: "Biz çalışacağıq ki, qiymət yüksək olmasın və hamı bundan xüsusi xidmət kimi istifadə edə bilsin".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !