Bakıda işləyən "AA" seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu haqda məlumatlar yayılıb.
Anews.az-ın məlumatına görə, "Müsavat" iddia edir ki, bu taksilərin hamısının nömrəsi 55-dir.
Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Bəzi taksi şirkətləri gündəlik qazancı avtomobilin pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma mənbəmiz deyib ki, bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov (və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir.
O da bildirilir ki, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. İddia olunur ki, bu taksi sürücülərinin hamısına avtomaşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın olub, qaydaları poza bilərlər.
Modern.az saytının əməkdaşı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayaraq, ondan xəbərə münasibət öyrənməyə çalışıb.
Amma Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub. Əməkdaşa acıqlı tonda cavab verən Abid müəllim bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib.
"Onu yazan da, söyləyən də qələt edir”, - deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !