Xəbər verdiyimiz kimi, ötən həftə Zığ şossesində ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Nəticədə, 12 nəfər xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, avtobus sürücüsü Kamran Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi yox imiş. Odur ki, Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların daşıyıcı şirkətini yenidən dəyişmək məcburiyyətində qalıb.
Əfsuslar olsun ki, bu nüans artıq paytaxt ərazisində analoji hala çevrilib. Son illər daşıyıcı şirkətlər və marşrut avtobusları üzərində nəzarət xeyli güclənsə də, dəfələrlə baş vermiş bu kimi qəzalarda sükan arxasındakı şəxsin sürücülük vəsiqəsinin olmadığı məlum olub.
"Qafqazinfo” bu məqamda Koroğlu metrostansiyasının yaxınlığında yerləşən Nəqliyatın Mübadilə Mərkəzində olub, şəhərətrafı qəsəbə və kəndlərə xidmət göstərən marşrut sürücüləri arasında sorğu aparıb. Sorğu zamanı məlum olub ki, əksər sürücülərin vəsiqəsi üzərindədir. Onlar daşıyıcı şirkətlər tərəfindən hər gün vəsiqələrinin yoxlanıldığını bildirib.
Ancaq 198 saylı marşrut xəttində mübahisəli məqam yaşanıb. Belə ki, marşrut üzrə hərəkət edən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü əvvəlcə vəsiqəsinin üzərində olduğunu desə də, daha sonra avtobusda əyləşən, oğlu olduğunu iddia etdiyi şəxsin sürücülük vəsiqəsini təqdim edib.
Görünən odur ki, bu kimi halların daha çox qanunsuz fəaliyyət göstərən avtobuslarda rast gəlindiyi bildirilsə də, bunlar reyd və yoxlamaların tez-tez aparıldığı mərkəzi dayanacaqlarda da yaşanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !