Bakının mərkəzində, Füzuli küçəsində ictimai nəqliyyat üçün xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.
Anews.az xəbər verir ki, xüsusi zolaqda təşkil edilən dayanaqdakı duran avtomobillər avtobusların hərəkətinə mane olaraq, tıxaca səbəb olurlar.
Qeyd edək ki, Füzuli küçəsində avtobusların hərəkəti üçün ayrılan zolaqda təşkil edilən ödənişli dayanacağın yaxınlığında, yəni Qış parkı adlanan ərazidə iri tutumlu avtomobil dayanacağı mövcuddur.
Yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolağın ödənişli avtomobil dayanacağına çerilməsini Bakı şəhərində yol hərəkəti sahəsində biabırçılıq adlandırıb.
"Ödənişli dayanacaq nişanını ora kim qoyubsa, özbaşına qoyub. Qanun çərçivəsində belə yer şeyə heç bir halda yol verilə bilməz. Ümumi nəqliyyat vasitəsi üçün ayrılmış xüsusi hərəkət zolağına, yəni avtobus zolağına ödənişli duracaq nişanı qoyduğu üçün həmin qurumun rəhbəri inzibati xətalar məcəlləsinin 350.2 maddəsinə (Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) uyğun olaraq fiziki şəxs 30 manatdan 50 manata qədər cərimə olunmalıdır, onu edən konkret vəzifəli şəxs isə 150 manatdan 200 manata qədər cərimələnməlidir”.
Ekspertin sözlərinə görə, yüksək ehtimalla, həmin ödənişli dayanacağı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi qoyub:
"O nişan dərhal həmin ərazidən götürülməlidir. Həmin ödənişli dayanacaq ləğv olunmalıdır. Bu, özbaşınalıqdır”.
Ə. Hüseynovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı olmadan Azərbaycanda heç yerə yol nişanı qoyula bilməz:
"Həmin komissiya keçən il qərar qəbul edib ki, Füzuli küçəsində avtobuslar üçün xüsusi zolaq ayrılsın, o zolaq da ayrılıb. İndi o qərardan sonra komissiya orada elə bir nişan qəbul edə bilər?”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !