Paytaxtda it bazarı adı ilə məşhurlaşan “Təzə bazar”da qələbəlikdir. Artıq heyvan bazarının gur sezonudur. Satıcılar mövsümdən razılıq edir, müştərilər də qiymətdən narazı deyillər. Satıcılar bildirirlər ki, yay ayları alverin ən gur vaxtıdır və vəziyyət elə də pis deyil.ANN.Az “Yeni Müsavat”-a istinadən Bakının it bazarından reportajı təqdim edir.Qeyd edək ki, heyvan bazarı ancaq həftənin bazar günləri olur və səhər saat 8-dən günorta 4-ə qədər davam edir. Bazarda əsasən itlər satılsa da, digər heyvanlar və quşlar da az deyil. Biz də bazar günü yolumuzu buradan salıb, itlərin qiymətləri ilə maraqlandıq. Bazarın yaxınlığındakı küçədən başlayaraq yol boyu itlər düzülüb. Əksəriyyət gün altında qalan heyvanlar saatlarla beləcə müştəri gözləyirlər. Karton qutularda isə kiçik küçüklər divar dibi ilə yığılıb və satıcılar hərdən onları əllərinə götürüb asfaltın üstünə qoyur və müştəri çağırırlar. Öyrənirik ki, bazara öz heyvanını gətirənlər də var, başqasından aldığı heyvanı satanlar da.“Əksəriyyəti alverçidir, onlar qiyməti qaldırır və cins olmayan itləri də alıcıya sırımağa çalışırlar. Gərək bazara it tanıyan adamla gələsən”, - deyə, yaxınlaşdığımız satıcılardan biri dillənir. O deyir ki, öz itinin balalarını satır:“Evdə üç itim var, ikisi erkək, biri dişi. “Pitbull” cinsidir. Balalarını saxlamağa yer yoxdur, ona görə satıram”.Onun sözlərinə görə, kiçik balalar cəmi yüz manatadır:“Alverçilər yanımıza gətirdikləri müştərilərə yüz əlli manatdan təklif edirlər. İki bala qalıb, bu gün ikisini satmışam”.Yol kənarına qoyulmuş dörd aylıq “alabay” isə 500 manatadır. Satıcı deyir ki, qiyməti bir az aşağı da etmək olar. On aylıq “alman ovçarkası” isə 300 manatadır.Kiçik “fransız pinçer”ləri 250 manatdan başlayan qiymətlərlə təklif edilir. Satıcı Nurlan deyir ki, onları Moskvadan gətizdirib:“Dörd baladır, hələ heç birini satmamışam. İki aylıqdır, təmiz cinsdir, iynələri də vurulub”.Bazarda daha çox rast gəlinən “ovçarka”lar 150 manatdan 600-700 manatadək artan qiymətlərlə təklif edilir. Bir neçə çoban iti 200 manata satışa qoyulub. “Karlik pudel”lər 200 manatadır. Satıcılar bildirirlər ki, yay aylarında satış yaxşı olur.Satıcı Elman isə deyir ki, on ildən artıqdır evdə it saxlayır:“Bir neçə cinsdən itim var. Balalarını da özüm gətirib satıram. İt saxlamaq hobbimdir, həm də çörək pulum da çıxır”.O, iki aylıq “dalmatin ovçarkası”nı 250 manata, böyük “ovçarka”nı 500-800 manata, “şarpey” (yapon iti) adlanan cinsi 600 manata, “alman köpəyi”ni isə 250 manata satır. Fərrux adlı satıcı isə qeyd edir ki, tanışının Bakı yaxınlığında it ferması var və orada həm ov, həm də mühafizə itlərini artırır:“Həm də xaricdən də it gətirir. İstənilən cinsi sifariş vermək olar”.Ov iti sayılan “kurçıxar”ın qiyməti 150 manatdan başlayıb 350-400 manata qədər davam edir. Dişi it daha bahadır. Ov iti olan “ingilis setteri” və “irland setteri” isə 250-300 manata təklif edilir. Mühafizə itləri də müxtəlif qiymətə təklif edilir. Yerli çoban itləri adlandırılan kiçik dişi küçüklərin qiyməti 150 manatdan başlayır. Cəmi iki aylıqdırlar. Satıcı deyir ki, dişi itlər daha yaxşı qoruyuculardır. “Karolevski doq” 2 min manata təklif edilir. “Quratveller”in qiyməti 300 manatdan başlayır, “oba” iti 70-100 manatdır. Qoyun itinin qiyməti 100 manatdan başlayır. Satıcılar deyirlər ki, əsasən itlər bağ evlərinə göz-qulaq olsun deyə alınır. Kiçik ev itlərini də alan olur, amma bu, geniş şəkildə deyil. Yayda adətən qoruyucu itlər satılır. Daha çox “ovçarka”lar satılır. Satıcı Malik isə bildirir ki, bazarda canavara bənzər “ovçarka”lar da hədsiz marağa səbəb olur. Bu itlərin iki-üç aylıqları 600 manata satılır.“Pitbull”lar əsasən 300-500 manat arası, “doberman” cinsindən olanlar isə 800-1000 manatdan yuxarı satılır. Bundan başqa, 250-300 manata “baby” itlərini, 800-900 manata (1020-1150 ABŞ dollar) “yorkşir terrier” cinsindən olan itləri, 200 manata “çaxuaxuva”ları, 300 manata isə “toy terrier”i almaq olar. Satıcılar deyirlər ki, əvvəlki mövsümlə müqayisədə satışa çıxarılan heyvanların qiymətində azalma var və ucuzluq da satışa müsbət təsir edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !