Bakının tıxac problemi necə həll olunur? – REPORTAJ+VİDEO

00:25 | 15.11.2013
Bakının tıxac problemi necə həll olunur? – REPORTAJ+VİDEO

Bakının tıxac problemi necə həll olunur? – REPORTAJ+VİDEO

Paytaxtın Ziya Bünyadov prospektinin başlanğıcında inşa olunan yeni yol qovşağı kompleksinin 2014-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Alı Mustafayev, Hüseynbala Əliyev və Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində tikilən yolayrıcı üç tuneldən və bir yol ötürücüsündən ibarət olacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, körpü-tunel kompleksinin başlanğıcı Alı Mustafayev, Hüseynbala Əliyev və Salamzadə küçələri ilə kəsişməsindədir və həmin kəsişmədə müxtəlif səviyyəli yol qovşağı inşa edilir. Uzunluğu 600 metr, eni 28,5 metr nəzərdə tutulan yol ötürücüsü 6 hərəkət zolağından və 11 dayaqdan ibarət olacaq. Yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir.
 
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev görülən işlər barədə geniş məlumat verib: “Tunellərdən biri 3-cü mikrorayon dairəsindən gələn nəqliyyat vasitələrinin Xutor dairəsinə daxil olmadan birbaşa Azadlıq prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünə fasiləsiz hərəkətini təmin edəcək”.
 
İkinci tunel Salamzadə küçəsi ilə həmin yeni yol ötürücüsünü birləşdirəcək. İki hərəkət zolağından ibarət olan yol ötürücüsü birtərəfli olacaq. Ərazidə tikintisi gedən 3-cü tunel nəqliyyatın Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsindəki yol ötürücüsündən birbaşa Salamzadə küçəsinə fasiləsiz hərəkətini təmin edəcək. Hazırda ərazidə də son tamamlama işləri görülür”.
 
“Tunel kompleksində artıq qazıntı işləri başa çatıb. Tunellərin içərisində olan divarlara, beton laylara üz çəkilir”.
 
Pünhan Mürsəliyev tikilən yol ötürücüsü barədə də danışıb: “Ümumi uzunluğu 634, eni 12 metr olan 2 hərəkət zolaqlı yol ötürücüsü nəqliyyat vasitələrinin Salamzadə istiqamətindən Hüseynbala Əliyev küçəsinə və əks istiqamətə normal hərəkətini təmin edəcək”.
 
Tikilməkdə olan ikinci kompleks isə Əhməd Rəcəbli küçəsi ilə  Ziya Bünyadov prospektinin kəsişməsində yerləşir. Artıq burada yan yollara asfalt tökülür.
 
“Körpü-tunel kompleksinin bir hissəsi də 3 mikrorayon bazarı kimi tanınan ərazidə Alı Mustafayev küçəsindən keçir.  Burada yola və tunelə asfalt çəkilib. Hazırda yol ətrafında abadlıq işləri aparılır. Lakin hələ tunelin divarların üzlənməsi başa çatmayıb.
 
Üçüncü və dördüncü tunellər isə Böyük Şor, Müzəffər Nərimanov küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşir. Tunelin qapalı hissəsində işlər başa çatıb. Artıq asfalt-beton örtüyünün vurulmasına hazırlıq gedir.  Hazırda Böyük Şor istiqamətindən Əliyar Əliyev küçəsi ilə kəsişməyə kimi  yolun özündə də  əsaslı təmir işlərinə start verilib. Köməkçi yollarda da qazıntı və möhkəmlənmə işləri aparılır. 900 metr məsafədə dayaq divarının tikintisi, təxminən 2 kilometr məsafədə kommunikasiya xətlərinin köçürülməsi  və yağış kanalizasiya sisteminin qurulması işləri tamamlanıb. Yolun orta hissəsində asfalt beton örtüyü qazılır. 
 
“1 həftə ərzində bu torpaq təpələri tamamilə təmizlənəcək. Qazılan tunelin üzərinə beton qatı çəkiləndən sonra torpağın bir hissəsi onun üstünə töküləcək. Artıq qalan torpaq hissəsi ərazidən daşınacaq. Tikintisi davam edən körpü-tunel kompleksinin yaxınlığındakı evlər də tədricən  köçürülür. Tunelin yaxınlığında yerləşən tikililər buradan tamamilə köçürüləcək”.
 
Bununla yanaşı, ərazidə 4 piyada keçidinin inşası da  nəzərdə tutulur.
 
Qeyd edək ki, körpü tunel kompleksinin inşasına 2011-ci ildə start verilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti