Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Bu barədə AYNA xəbər verir.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.
"Bakı-Zaqatala-Bakı” və "Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs "BakuBus” MMC, "Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol” MMC, "Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !