Balacaların ümidi, böyüklərin biganəliyi - FOTOLAR

17:27 | 24.05.2015
Balacaların ümidi, böyüklərin biganəliyi - FOTOLAR

Balacaların ümidi, böyüklərin biganəliyi - FOTOLAR

Bakıda bir vaxtlar belə binaların sayı çox idi. 5, ya 9 mərtəbəli, eyvanlardakı zivələrdən rəngbərəng paltarların asıldığı, qəzalı, çirkin binalar. Buralarda əsasən, Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından baş götürüb gələn məcburi köçkünlər yaşayırdı. Zaman keçdikcə, onların müəyyən bir hissəsi dövlətin ayırdığı şəhərciklərə köçdü, ancaq hələ də çox sayda məcburi köçkün yataqxanalarda, sovetlərdən qalma kələ-kötür binalarda yaşayır. 

Məcburi köçkünlərin məskunlaşdığı belə binalardan biri Bakının Binəqədi rayonundakı Slavyan universitetinə məxsus 4 saylı yataqxanadır. Burada əvvəllər tələbələr qalardı, indi isə məcburi köçkünlər yaşayır... 


Babalar və nəvələr

9 mərtəbəli binanın qarşısındakı dar asfalt meydançada balaca uşaqlar futbol oynayır. Binanın divarına Ümid əvəzinə, orfoqrafik səhvlə "ÜMÜD” yazılıb, güman ki, binada yaşayan yeniyetmələrdən birinin adıdır. Uşaqların oynadığı meydançadan kənardakı köşkdə isə gözləri eynəkli, əlləri çəlikli qocalar boş baxışlarını harasa dikiblər.
 
 

  
Binanın içərisinə girib pilləkənlərlə yuxarı qalxırıq, elə bil müharibə baş verib, bütün divarlar dəlmə-deşikdir, sanki divarlar güllələnib. Dəhlizlərdə də eyni dağınıqlıq var, toz-duman ətrafı bürüyüb, müxtəlif cür alətlər, ləvəzimatlar, stol-stul səliqəsizcəsinə hara gəldi atılıb. Binada təmir gedir...  
 
"Mənim yadımdadır, burda tələbələr də qalırdılar, aralarında ruslar da varıydı. Sonra isə hamısı çıxıb getdi, indi buradakıların demək olar ki, hamısı məcburi köçkünlərdi. Əsasən Laçından olanlar məskunlaşıblar, amma Ağdamdan, Füzulidən olanlar da var”, - 20 yaşlarındakı Babək Məmmədov söhbətində belə deyir. 
Binada təmir işləri aparan ustalar gözə dəymirlər, alətlərini burada qoyub gediblər. Babəkdən divarların nəyə görə belə deşik-deşik edildiyini soruşuram, cavabında deyir ki, alçı divarda daha möhkəm dayansın deyə. Binanın nəyə görə təmir edildiyini isə Babək dəqiq bilmir: "Bir gün gəldilər başladılar təmir eləməyə. Bir dəfə çoxdan demişdilər ki, buradakı məcburi köçkünləri Müşfiqabaddakı qaçqın şəhərciyinə köçürəcəklər. Bəlkə buranı təmir eləyib bizi köçürəcəklər, yerimizə tələbələr gələcək. Amma dəqiq bilmirəm. 

Buradan köçmək istəyirəmmi? Yox, Müşfiqabada nə var? Bura öyrəşmişəm, şəhərə yaxındır, şəhərin mərkəzinə gedən neçə marşrut var, metroya da piyada 10-15 dəqiqəlik yoldur. Nə işim var Müşfiqabadda, çölün ortasında...”
 

 

Binanın kommendantıyla söhbət etmək, məsələni aydınlaşdırmaq məqsədiylə aşağı düşürəm. Dəhlizlərdə rəngbərəng xalatlar geyinmiş və dəstə şəklində dayanıb söhbət edən qadınlar şübhəylə mənə baxırlar. Fikirlərini öyrənmək üçün orta yaşlarındakı bir qadına yaxınlaşıram, jurnalist olduğumu bilib özü məni sual atəşinə tutur: kimsən, nəçisən, nə istəyirsən, harada işləyirsən, məqsədin nədir? Suallarını verir, evinə girir, bir də çıxmır... 
Təəssüf ki, aşağı mərtəbədə  kommendantı da tapa bilmirik. Deyirdilər ki, o bütün suallarımıza cavab verə bilər, amma harasa gedib. 

Biganəlik

65-70 yaşlarındakı bir kişiyə yaxınlaşıram. Jurnalist sözünü eşidəndə, hürkür, tərəddüd edir, üzündə ehtiyatkar bir gülümsəmə var, "vallah, bilmirəm, vallah nə deyim”, - deyə eyni sözləri təkrar edir. Amma sonra danışmağa başlayır, özünü də təqdim edir, Cəmil Allahverdiyev: 

"Vallah, dəqiq deyə bilmərəm, kim və nə üçün təmir işləri aparır. O vaxtı belə bir söhbət olmuşdu ki, bizi köçürəcəklər, hərdən yenə də söz-söhbət çıxır. Amma hələki ortada bir şey yoxdu. Təmir eləyirlərsə, yaxşıdı. Camaatın şəraiti biraz yaxşılaşar. Biz qocayıq, ömrü boyu burdan-ora, ordan-bura köçmüşük, daha yorulmuşuq. Amma binada yaşayan cavanlar var. Elə ev var, bir neçə otaqda iki-üç ailə yaşayır. Otaqlar balacadır, mətbəx yoxdur. Adamlar dəhlizdə "plitka” qoyub yemək bişirirlər. Evlənmək istəyənlər var, şəraitsizlikdən evlənə bilmirlər. Onlara başqa yerdə ev versələr, yaxşı olar...”
 
 
 
 
Maraqlıdır ki, yaxınlaşdığım sakinlərin heç biri binada təmirin nə məqsədlə aparıldığını bilmirdi. Başa düşmək olmurdu bu biganəliyi. Biz bu barədə sual verəndə, təəccüblənirdilər, sanki məsələylə niyə maraqlanmadıqları özlərinə də qəribə gəlirdi. 40 yaşlarında özünü Əvəz kimi təqdim edən bina sakini də bunun səbəbini bilmədi. Köçürülməylə bağlı sualıma da dəqiq cavab verə bilməyəcəyini dedi:

"Biz bir dəfə xahiş etdik ki, liftlərdən biri işləmir, gəlib onu düzəltsinlər. Bir gün gördük ümumiyyətlə hər yeri təmir eləyirlər. Hətta lazımsız yerlər var idi, onları da təmir eləyirlər. Biz xahiş eləmişdik işləməyən lifti düzəltsinlər. İşləyən lifti təzələdilər, amma kaş o biri işləməyən lifti düzəldəydilər, onsuz da 10-15 gündən sonra yeni lifti oğul-uşaq pis günə qoyacaq... Təmir inanmıram köçməklə əlaqədardır, elə bir şey olsa, əvvəlcədən xəbər edərdilər. Yəqin ki, tapşırıblar ki, təmir eləyin, eləyirlər...”
 
 

 

 

Məsələylə əlaqədar binanın məxsus olduğu Slavyan Universitetinə müraciət etdik. Oradan bizi baş mühəndis Muxtar Nəsibovla calaşdırdılar. Muxtar bəy hazırda məcburi köçkünlərin məskunlaşdığı binadakı təmirə aydınlıq gətirdi: 
"Universitetin 4 yataqxanası var. Hazırda "Qaçqınkom” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi - red) tərəfindən həmin yataqxanaların hamısı təmir edilir. Məqsəd verilmiş sərəncamlar əsasında məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Təmirin həmin binalarda yaşayan məcburi köçkünlərin çıxarılması və başqa yerə köçürülməsi üçün həyata keçirilməsi nəzərdə tutulmayıb. Məqsəd sadəcə şəraiti yaxşılaşdırmaqdır".
 

 



Təkcə məcburi köçkünlər yurdsuz qalmayıb

Bakıda universitetlərə məxsus tələbə yataqxanalarında yaşayan məcburi köçkünlərin zamanla başqa yerlərə köçürülməsi, yataqxanaların isə yenidən tələbələrə qaytarılması barədə rəsmi söhbətlər çoxdandır ki, gedir. İlk növbədə Bakı Dövlət Universiteti və İqtisadiyyat universitetinin yataqxanalarında bu prosesin həyata keçirilməsi nəzərdə tutulurdu. Hətta Bakı Dövlət Universitetinin bəzi yataqxanalarında bir neçə il öncə bu məsələ baş tutmuşdu. Ancaq hələlik bu proses köklü şəkildə aparılmır. 

İndiki dövrdə Bakıdakı universitetlərin tələbələri əsasən yataqxanalarda deyil, kirayə mənzillərdə yaşayırlar. Xarici ölkələrdə çox məşhur olan tələbə yataqxanası anlayışı Azərbaycanda o qədər də ümumiişlək ifadə deyil. Çünki əksər tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu, müharibənin təhsilə və sosial həyata vurduğu ən böyük ziyanlardan biridir. Müharibənin ağrıları bu insanlar və cəmiyyət üçün hələ də təsirini göstərir. 

Tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin uşaqlarının uşaqları böyüyür. Məcburi köçkünlərin sayı artır, yataqxanalardakı otaqlarının sayı isə artmır. Və tələbə yataqxanasının qarşısında oynayan uşaqlar divarlara orfoqrafik səhvlə "Ümüd” sözünü yazırlar...

Cavid Ramazanov

ANN.Az
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM