BMT-nin baş katibi Ban Ki-Moon İranda ötən həftə iki yeniyetmənin edamını pisləyib və belə edamlara moratorium qoymağa çağırıb.
Fatemeh Salbehi 16 yaşında məcburən ərə verildiyi kişini bıçaqladığına, Samad Zahabi isə 17 yaşında çoban dostunu öldürdüyünə görə asılıb.
Ban oktyabrın 19-da bildirib ki, ötən həftəki edamlardan "dərin şəkildə kədərlənib” və bunların "İranda narahatedici bir cərəyanın göstəricisi olmasından” qorxur.
Amnesty International-ın hesablamalarına görə, hazırda İranda 160 yeniyetmə ölüm cəzasını gözləyir.
Ban qeyd edib ki, İran yaşı 18-dən az olan uşaqlara ölüm cəzası verilməsinin qadağan olunduğu iki beynəlxalq konvensiyanı ratifikasiya edib.
"Bu il 700-dən çox edam həyata keçirilib. Onlardan azı 40-ı ictimaiyyətin gözü qarşısında baş verib. Son 12 ildə edamlar rekord həddə çatıb,” Ban deyib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !