İyunun 20-də Aqrar
Kredit və İnkişaf Agentliyi (AKİA) və ölkənin aparıcı banklarından biri olan
Bank Respublika Əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalayıb.
Anews.az xəbər verir ki, memorandumun məqsədi
AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan Bank Respublika ilə əməkdaşlığı
yeni səviyyəyə qaldırmaqdır.
Sənədi
AKİA tərəfindən agentliyin sədri Mirzə
Əliyev, Bank Respublika tərəfindən isə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb. "Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən
faydananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər
iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
inkişafına xidmət edir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən
istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli
şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının,
sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb
olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək
istəyir
Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında
və aqrar sahədə biliklərinin genişləndirilməsində Bank Respublikanı özümüzə tərəfdaş
görmək istəyimizdir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev
belə deyib.
" Bank Respublika sahibkarlığın və xüsusilə
də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu
baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə -
Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi
istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində
bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində
mühüm rol oynayır. Bank Respublika qeyri-neft sektorunun davamlı inkişafı, ölkə
iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların
istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə
davam edəcək” - deyə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Əməkdaşlıq
memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi,
məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə
tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !