Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları manat ucuzlaşdığına görə, hal-hazırda hansı vəziyyətdədirlər? Banklardan kredit götürənlər varmı və kreditlər hansı valyuta ilə həyata keçirilir?
Oxu.Az bu suallar ətrafında bir neçə bank nümayəndələrinin fikrini öyrənib.
Rabitəbank-dan Oxu.Az-a bildirdilər ki, hal-hazırda kreditlərin verilməsi dollarla həyata keçirilir:
"Kreditlərin verilməsi hal-hazırda dollarla həyata keçirilir. Manatla kredit götürən müştərilərimizə də güzəştlər mövcuddur. Belə ki, kredit müqavilənizin müddətindən asılı olmayaraq, ödəniş edəcəyiniz müddəti 50%-ə qədər uzatmaq imkanınız var”.
"PAŞA Bank”ın nümayəndəsi sorğumuza cavab olaraq bu sözləri dedi:
""PAŞA Bank” ASC korporativ bankdır və əsasən hüquqi şəxslərin maliyyələşdirilməsini həyata keçirir. Fiziki şəxslərin maliyyələşdirilməsi yalnız İpoteka Fondu tərəfindən ayrılmış ipoteka kreditləri ilə mümkündür. Biz tərəfdən hüquqi şəxslər hal-hazırda heç bir çətinlik olmadan maaliyyələşdirilir. Bankımız heç bir məhsulu ixtisara salmayıb”.
Expressbank-ın Biznesin İnkişafı departamentinin nümayəndəsi Pərviz Sədrəddinov bildirdi ki, manatla kredit verilməsini davam etdirirlər:
"Expressbank-da kreditlər dayandırılmayıb. Ajiotaj yaranmasına baxmayaraq biz manatla kredit verməyə davam edirdik və hazırda da davam edirik. Hətta mövcud aksiyalarımız da qüvvədədir. Gün ərzində müştərilər filiallara müraciət edir və uyğun olanlara kredit verilir. Bir sözlə əvvəlki iş qrafiki ilə fəaliyyət göstəririk”- deyə, Pərviz Sədrəddinov bildirdi.
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirdi ki, kreditin hansı valyuta ilə götürülməsini yalnız müştəri müəyyən edə bilər. Yəni seçim müştərinindir:
"Onu deyə bilərəm ki, müştərilərimizin həmişə olduğu kimi bizə inamı böyükdür və istər kredit götürmək və ya depozit qoymaq üçün müraciətlər davam edir. Müştərilərimizə Azərbaycan manatı və xarici valyutada kreditlər təklif edirik. Seçim müştərinindir”.
DəmirBank-ın marketinq departamentinin direktor müavini Sənan Həsənov Oxu.Az-a bildirdi ki, kreditlərin verilməsi əvvəlki qaydada davam etdirilir:
DəmirBank-da kreditlərin verilişi əvvəlki qaydada davam etdirilir. Müştərilərin kredit ehtiyacları tam şəkildə ödənilməkdədir. Müştərilər gündəlik əsasda müraciətlər edirlər və onların müraciətləri təmin edilir. Manatın ucuzlaşması ilə əlaqədar hər hansı məhsulun ixtisarı nəzərdə tutulmayıb, əksinə yeni aksiyalar və məhsullar elan olunub”- deyə, Sənan Həsənov bildirib.
Bank Standard-dan isə bildirdilər ki, bu ayın ortasından ABŞ dolları ilə kreditlərin verilməsi başlanılıb:
"Bizim bankımızda kreditlər ancaq manat valyutasında verilirdi və müştərilər kredit borclarını manatla ödəyirdi. Ona görə məzənnənin dəyişməsi ilə bağlı müştərilərdə heç bir çətinlik yaşanmayıb. Bu ayın ortasından isə ABŞ dolları ilə kreditlərin verilməsi başlanıb. Əgər müştəri öz istəyi ilə aylıq ödənişini və ya ödəmə müddətinə dəyişikliklər etmək istəsə o banka müraciət edir və onun sorğusuna individual qaydada baxılır və cavab təqdim olunur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !