Banklara daha bir tələb

11:16 | 03.03.2015
Banklara daha bir tələb

Banklara daha bir tələb


Bankların yüksək faizlə əmanət cəlb etmələrinə əngəl yaradılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bankların yüksək faizlə əmanət cəlb etməsini əngəlləyəcək yeni mexanizm üzərində işləyir.

"Marja” xəbər verir ki, Fondun İcraçı direktoru Azad Cavadov yeni tələbin detallarını açıqlayıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi  ləğv ediləcəkdir. Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur.

"Gələcəkdə qorunan əmanətlər ilə bağlı faiz dərəcəsinin yuxarı həddinin ləğv edilməsi nəzərdə tutulur. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaqdır. Sadəcə Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər. 12 faizdən yuxarı faiz dərəcəsi ilə əmanət cəlb olunacaqsa bankdan 2% komissiya haqqı tutacağıq. Normalda, yəni 12 faizədək cəlb edilən əmanətlərə görə, banklar cəmi 0,5% sığorta haqqı ödəyirlər. Əgər qayda pozularsa, bu halda bankdan 2% tutulacaqdır. Və bank əlavə 1,5% sığorta haqqı ödəyə biləcəyindən yüksək faizlə əmanət cəlb etməkdə maraqlı olmayacaqdır”,- Azad Cavadov deyib.

Bankların yüksək faizlə əmanət cəlb etməsinin kredit faizlərini artırdığı bildirilir.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu  2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-qaldırılmışdır. Həmçinin, 24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də, 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır. Yəni, göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqqları 24 fevral 2015-ci il tarixindən hesablanır.

Azad Cavadov qeyd edib ki, faiz dərəcəsinin yuxarı həddi qaldırılması nəticəsində 2,4 milyard manatlıq qorunmayan əmanətlərin 2 milyardı sığortalanmış olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM