Rima Quliyeva portuqal univerisitetinin ən yaxşı tələbəsi olmasını təsdiq edən xüsusi diploma layiq görülüb
Bakı Ali Neft Məktəbinin (BANM) böyük laborantı Rima Quliyeva Portuqaliyanın Braqansa Politexnik İnstitutunun "Kimya mühəndisliyi” bölümü üzrə "İlin ən yaxşı tələbəsi" seçilərək institutun medalçıları siyahısına salınıb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report”a verilən məlumata görə, o, portuqal univerisitetinin ən yaxşı tələbəsi olmasını təsdiq edən xüsusi diploma layiq görülüb.
"Bakalavr təhsilini bitirdikdən tam 10 il sonra həyatımda yeni bir başlanğıc edərək magistraturaya qəbul olmaq üçün sənədlərimi TQDK-ya təqdim etdim. Bu isə qazanacağım uğurların başlanğıcı oldu. Qafqaz Universiteti ile başladığım təhsili Portuqaliyada yüksək nəticə ilə başa vurdum. Amma bu müddət ərzində məqsədim yalnız təhsil almaq deyil fərqli təhsil sistemi və onun üstün cəhətlərini öyrənib öz vətənimdə tətbiq etmək idi. İnstitutun keçirdiyi beynəlxalq tədbirlərdə aktiv iştirak edərək Azərbaycanı, onun sərvətlərini, tarixi mədəni irsini bacardığım qədər tanıtmağa çalışdım və aldığım sertifikatlar buna nail olduğumun göstəricisidir”- deyə R.Quliyeva bildirib.
O vurğulayıb ki, qazandığı bilik və təcrübəni reallaşdırmaq ancaq Bakı Ali Neft Məktəbində mümkün idi. R.Quliyevanın sözlərinə görə, burada gənc mütəxəssislər üçün elmi və pedaqoji fəaliyyət üçün geniş imkanlar mövcuddur.
Qeyd edək ki, R.Quliyeva orta təhsilini Bakının 35 saylı məktəbində alıb. 2000-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakultesinə yüksək balla qəbul olunub. 2014-cü ildə TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz Universiteti Kimya mühəndisliyi bölümünün "Əsas üzvi sintezin kimyası və texnologiyası” ixtisasına qəbul edilib. 2015-ci ildə magistratura təhsilini Portuqaliya, Braqansa Politexnik İnstitutunda davam etdirib və təhsilinin bu pilləsini fərqlənmə ilə bitirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !