Moskvadakı barlardan birində faciəvi hadisə baş verib.
ANN.Az-ın "Lifenews"a istinadən verdiyi xəbərə görə, insident "Roxbury" barında baş verib.
"Hadisə gecə saat iki radələrində baş verib. Mən barın yanında dayanmışdım, bu zaman barmen tryuk eləmək istədi, ancaq bunu düzgün eləmədi. O alkoqolu alovlandırdı, ancaq ona nəzarət edə bilmədi və alov butulkadan stəkanlara keçdi, sonra isə mənim üstümə sıçradı", hadisə nəticəsində zərərçəkən Yekaterina Rudakova bildirib, o da həmin barda işləyirmiş.
Qızı dərhal yanmağa başlayıb, onu yaxınlıqdakı müştərilərdən biri söndürüb. Talesiz qız 2-ci 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun bədəninin 30 faizi, üzü, boynu, döş qəfəsi, beli, qoltuqları və sağ əli yanıb.
İndi qızı çox bahalı cərrahiyə əməliyyatı gözləyir, o, 3 aydan sonra tam sağalandan sonra, neçə dəfə plastik əməliyyatdan keçəcəyi bilinəcək. "Klubun rəhbərliyi bir həftədən sonra mənimlə əlaqə saxlayıb, onlar hər cür yardımı göstərəcəklərini desələr də, bu hələ ki, sözdə belədir", - qız bildirib.
Rudakovanın valideynləri polisə şikayət ərizəsi versələr də, hələlik hadisə barəsində cinayət işi açılmayıb.
"Biz sərt cəza tələb etmirik, sadəcə müalicə üçün vəsait tələb edirik. İndi ən vacib məsələ qızımın ayaq üstə durmasıdır", - Yekaterinanın atası açıqlamasında deyib.
Sosial şəbəkələrdə qıza yardım etmək üçün pul toplama kampaniyası keçirilir.
ANN.Az