Azərbaycanda barələrində sanksiya tətbiq olunmalı hüquqi və fiziki şəxslərin siyahısı açıqlanıb.
"Report"un verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası” əsasında Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Ümumi Siyahı may ayında yenilənib.
Müəyyən edilmiş fiziki və hüquqi şəxslərin ölkə daxili siyahısında 53 nəfər yer alıb. Bunun 34 nəfəri Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışları elan olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərdir ki, bundan da 3-ü hazırda həbsdə saxlanılır, 31 nəfər barəsində isə axtarış elan olunub.
Cinayət Məcəlləsinin 279.1, 279.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışları elan olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər isə 19 nəfərdir. Bundan 4 nəfər hazırda həbsdə saxlanılır, qalanı isə barələrində axtarış elan olunmuş şəxslədir.
Auditorlar Palatası auditorlara müraciət edərək həmin siyahı ilə tanış olmağın və auditor xidməti göstərərkən nəzərə almağın zəruri olmasını xatırladır.
Ümumi Siyahının son versiyası ilə Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi) tanış olmaq mümkündür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !