Baş cərrah ağır yaralanan hərbçilərin vəziyyətindən danışdı

17:00 | 09.04.2014
Baş cərrah ağır yaralanan hərbçilərin vəziyyətindən danışdı

Baş cərrah ağır yaralanan hərbçilərin vəziyyətindən danışdı

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbçilərin vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin saytına açıqlamasında Azərbaycan Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayev bildirib. F. Babayev deyib ki, hadisədən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar. Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəssisəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub: «Ümumiyyətlə, qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir. Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asılıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaq». F. Babayevin sözlərinə görə, yüngül xəsarət alanlar yerində hərtərəfli müayinə olunub: «Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə ehtiyac yoxdur. Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərrahiyə yardımı, ümumiyyətlə, reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardı. Uçuş müddətində hansısa bir hal baş verərsə, dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub. Xəstələrə psixoloji yardım da göstəriləcək. Təbii ki, bu önəmli məsələlərdən biridir və artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır». Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olub, 6 əsgər - Musayev Bəhruz Məhəmmədəli oğlu, Mirzəyev Alı Pənah oğlu, İsgəndərzadə Azər Eyyub oğlu, Zülfüqarov Mürsəl İbrahim oğlu, Cəbrayılov Sadiq Misirxan oğlu və Talıbov Emin Talıb oğlu yaralanıb.  İlkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb