Çexiyanın "Slaviya” klubunun 21 yaşadək komandasının baş məşqçisi Pavel Rjehak U-21 millimizin kapitanı Fərid Nəbiyevi tərifləyib.
Anews.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən 54 yaşlı mütəxəssis yayda "Qəbələ”dən bu komandaya keçən Fərid Nəbiyev haqda da fikir bildirib.
O, gənclər millimizin yarımmüdafiəçisi və digər yeni gələnlərin uyğunlaşma dönəmi keçirdiklərini söyləyib:
"Bizim ehtiyat qüvvəmiz çoxdur. Yeni futbolçular fərqli mühitdən gəliblər. Əvvəlki komandalarında başqa atmosferdə idilər. Yeni gələnlər başqa mühitə öyrəşdiklərindən bizim ab-havaya uyğunlaşmalıdırlar. Çoxu Balkan ölkələrindəndir, yalnız Fərid Nəbiyev Azərbaycandan gəlib”.
Həmyerlimizin ünvanına tərif yağdıran Pavel Rjehak komandanı onun üzərində quracağını da vurğulayıb:
"Gənclər Liqasındakı yerimizi qorumaq istəyirik. Bu, bizim hədəfimizdir. Oyunumuzu getdikcə daha da yaxşılaşdırmalıyıq. Söz verirəm ki, hazırkı futbolçular qışda fiziki formalarını yaxşılaşdırıb, daha hazır vəziyyətdə olacaqlar. Biz qışa qədər iki səbəbə görə bəzi oyunlarda məğlub olurduq. Biri təcrübəsizlik, digəri isə fiziki çatışmazlıqdır. Fikrimcə, hazırkı heyətdə bəzi futbolçular çox istedadlıdırlar. Bu mənada, rumıniyalı hücumçu Andrey Sıntyan və Fərid Nəbiyevi fərqləndirə bilərəm. Düşünürəm ki, onlar komandanın liderləri olacaqlar və oyunu bu futbolçuların üzərində quracağam”.
Qeyd edək ki, hazırda "Slaviya”da "Qəbələ” Futbol Akademiyasının daha iki yetirməsi - Amin Seydiyev və Rövlan Muradov məşq edir. Onlar yanvarın 28-dək özlərini yaxşı tərəfdən göstərsələr, klubla müqavilə bağlayacaqlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !