Baş nazir qərar imzaladı

12:12 | 08.08.2019

Nazirlər Kabineti "Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib. 

 Baş Nazir Novruz Məmmədov imzaladığı qərara əsasən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra – Satıcı) Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın satıcısı kimi çıxış edir.

Bundan başqa, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən satıcıya müraciət ediləcək və müqavilə bağlanılacaq.

Satıcı hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının (1 nəfər), İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Satıcının (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradacaq.

Satıcı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində və Satıcının rəsmi internet saytında hərracın keçirilmə forması, əmlakın tam adı, yerləşdiyi ünvan, ilkin qiyməti, sifarişlərin qəbulunun başlama və bitmə tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları,  hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın ilkin qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirməlidir.

Son olaraq qeyd olunub ki, əmlakın satışından daxil olan vəsaitlər həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində DMX-nin hesabına köçürüləcək.

www.anews.az
loading...