25-30 il əvvəl Azərbaycanın çox dəyərli mütəxəssisləri xaricə gedirdi, lakin stabilləşmə olduqdan sonra onların çox hissəsi geri qayıdıb.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirilmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda keçirilən "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" adlı panel müzakirədə deyib.
Baş nazirin müavini qeyd edib ki, əslində, buna faciə kimi baxmaq lazım deyil: "Bunu alqışlamaq mənasında demirəm. Amma əgər mütəxəssisləri daha yüksək maaşla hara isə cəlb edirlərsə, o adamlar da oraya həvəslə gedirlərsə, mən buna yüksək qiymət verirəm".
Baş nazirin müavini deyib ki, əgər bu hal bir axına çevrilirsə, ölkənin inkişafı baxımından problem yaradarsa, hökumət bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir: "Dövlət belə mütəxəssislərin vətənində işləyə bilməsi üçün onu dəvət edən ölkədə olan şəraiti yaratmalıdır".
Ə.Əhmədov bildirib ki, Azərbaycanda "beyin axını" böyük miqyasda deyil: "Müşahidələrimiz göstərir ki, "beyin axını" deyilən proses bizi narahat edən səviyyədə deyil. Elm, təhsil və yaradıçılıqla məşğul olan insanların daha yaxşı işləmələri üçün şəraitin yaradılması dövlətin borcudur. Bunun üçün müvafiq proqramlar nəzərdə tutulur. Bizim məqsədimiz odur ki, çoxlu sayda intellektual indeksi yüksək olan insanlar yetişdirək. Təbii ki, bunların bir hissəsi xaricə gedəcək. Bu, dünyanın hər bir yerində var. Biz yetişdirdiyimiz insanların Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə fayda verməsi üçün çalışmalıyıq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !