Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına müqavimət göstərən şəxs həbs edilib.Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin mühafizəçisi Pərviz İsmayılovun rayonun Seyid Yusifli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəxs tərəfindən ov tüfəngindən açılmış atəş nəticəsində xəsarət alması barədə Bərdə rayon prokurorluğuna daxil olan məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Dekabrın 16-da Yevlax rayonunun Nuralılar kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Məmmədov könüllü olaraq Bərdə rayon prokurorluğuna gələrək cinayətin onun tərəfindən törədildiyini bildirməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təqdim edib. Aparılan istintaqla müəyyən edilib ki, Pərviz İsmayılov iş yoldaşı Mətləb Zeynalovla birlikdə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisində, Qarabağ-Şəki meşə zolağında xidməti vəzifələrini yerinə yetirərkən həmin ərazidə Müşfiq Hüseynov və Natiq Məmmədovun ov etmələrinin qanuniliyini araşdırmaq istəyib. Sonuncular qaçaraq hadisə yerindən uzaqlaşarkən P.İsmayılov şəxsiyyətlərini müəyyən etmək üçün özünə məxsus mobil telefonla fotoşəkillərini çəkmək məqsədilə onların arxasınca qaçan zaman N.Məmmədovun Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək ov tüfəngindən bir dəfə atəş açaraq ona ayaq nahiyəsindən xəsarətlər yetirməsində əsaslı şübhələr olduğundan, N.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !