Bayram süfrəsi neçəyə başa gəlir?

09:37 | 14.03.2017
Bayram süfrəsi neçəyə başa gəlir?

Bayram süfrəsi neçəyə başa gəlir?

Novruz bayramına sayılı günlər qalır. Hər kəs bayram süfrəsinin müxtəlif təamlarla doldurmaq istəyir. İnanca görə, ilin uğurlu, bərəkətli olub-olmaması bundan asılıdır.

 "Bizim Yol”un yazdığına görə, əhalinin aztəminatlı hissəsi bahalaşma səbəbindən süfrəyə lazım olan təamları düzə bilməməyin kədərini yaşayır. Bir tərəfdən, manatın devalvasiyasından sonra ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin artması, digər tərəfdən, bayramla bağlı bahalaşma insanları çıxılmaz vəziyyətə salıb. Ona görə də, əhali bayram süfrəsindən bəzi məhsulları ixtisar etməyə məcbur olub.

Qəzetin əməkdaşı "Novruz süfrəsi neçəyə başa gəlir?” sualına cavab tapmaq üçün bazarda və mağazalarda olub, qiymətlərlə maraqlanıb. Bayram süfrəsi üçün ənənəvi olan məhsulları götürülüb: un, ət, çərəz, düyü, yağ, yumurta, şirniyyat, ədviyyat və s.

Novruz bayramının vazkeçilməzi sayılan şirniyyatların - şəkərbura, paxlava, qoğal və badamburanın hazırlanması üçün lazım olan məhsulların dəyərini hesablayaq. Bunun üçün 1 kq un-1.50 manat, 1 kq yağ-16 manat, 10 yumurta ədəd - 18 qəpik, 1 kq qoz ləpəsi-17 manat, 1 kq fındıq ləpəsi-16 manat, 1 kq şəkər tozu-1.60 manat, 1 kq düyü 3 manat, 1 kq ət-12 manat, 1 kq şabalıd-7 manat, 1 kq ərik qurusu-16 manat, 1 kq kişmiş - 22 manat.

Süfrəyə qoyulan meyvələrin qiymətinə gəlincə, bunun üçün də bazara cibidolu girməyiniz vacib şərtdir. 1 kq alma-2 manat, 1 kq portağal-4 manat, 1 kq armud-5 manat, 1 kq banan-2.50 manat, Təbii ki, burada ixtisarlar aparmaq, meyvələrin çəkisini yarım kiloqrama endirmək də lazım gələ bilər. Qiymətlərin bu qədər baha olması alıcılığa təsir edən başlıca amillərdəndir. "2017-ci il üçün yaşayış minimumu haqqında” qanununa əsasən, yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Aydındır ki, yuxarıda təqdim olunan qiymətlərlə müqayisədə bu vəsaitlə bayram süfrəsini hazırlamaq mümkünsüz görünür.

Ticarətçilərin sözlərinə görə, onların apardığı təxmini hesablamaya əsasən 4 nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi açmaq üçün minimum 170 manat xərcləməlidir. Onu da deyirlər ki, baryam ərəfəsi olmasına baxmayaraq, alver getmir, adamlar ancaq zəruri şeyləri, həm də az miqdarda alırlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti