Bayramov iranlı həmkarı ilə görüşüb

21:37 | 05.03.2024
Bayramov iranlı həmkarı ilə görüşüb

Bayramov iranlı həmkarı ilə görüşüb

5 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.Bu barədə XİN-dən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

İran naziri Azərbaycanda keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi və İlham Əliyevin yenidən bu vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Bu seçkilərin xüsusilə Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. 

Nazirlər həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar. 

Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.

Nazir Ceyhun Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Nazir mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib.

Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM