Bazarların ərazisində satışı qadağan edilən malların siyahısı, göstərilən xidmətlərin növü və dəyəri, bazarın idarəetmə, dövlət baytarlıq, fitosanitar xidmətlərinin yerləşdikləri məntəqə, mal qrupları üzrə ixtisaslaşmış ticarət zonaları haqqında məlumatlar görünən yerdə (girişdə) yerləşdirilməlidir. APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb. Mülkiyyətçinin razılığı ilə bazarın ərazisində qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, pərakəndə ticarət (xidmət) obyektləri yerləşdirilə bilər. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) və onun ərazisində daimi fəaliyyət göstərən pərakəndə ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektləri arasındakı münasibətlər müqavilələr əsasında tənzimlənir. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədilə bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən aşağıdakılar təşkil edilməlidir: - sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət etməklə masaların, arabaların və digər ləvazimatların ticarət cərgələrində (zonalarında) yerləşdirilməsi, həmçinin istehlakçıların və satıcıların müstəqil hərəkəti üçün şəraitin yaradılması; - qeyri-ərzaq mallarının satışı üçün xüsusi yerlərin ayrılması; - müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış yerlərin ayrılması; - ticarət obyektlərinin və digər tikililərin qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, yanğından mühafizəsi, habelə malların istehsalı, saxlanılması və satışı üzrə tələblərə uyğun olaraq müvafiq avadanlıqlarla (tərəzilərin, sanitar geyimlərinin və digər ticarət inventarlarının kirayəyə verilməsi şərti ilə) təmin edilməsi; - lokal rabitə vasitəsilə elan və reklamların verilməsi; - satıcılara qiymət kağızlarının verilməsi; - ət və ət məhsullarının doğranması üçün satıcıların xüsusi avadanlıqlarla, cihazlarla, alətlərlə təmin edilməsi; - satıcıların malların saxlanılması üçün xüsusi şəraitli soyuducularla, digər kamera və anbarlarla təmin edilməsi; - bazarın rəhbəri (mülkiyyətçisi) ilə mal satan arasında bağlanılan müqaviləyə uyğun olaraq bazarlarda piştaxtadan, masadan, arabadan, maşından və digər vasitələrdən istifadə üçün ödənilmiş pula görə ödəmə qəbzinin (və ya kassa mədaxil orderinin) verilməsi; - qida üçün yararsız olan ərzaq məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün util peçinin təşkil edilməsi; - qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət nəzarəti orqanlarının müvafiq göstərişlərinin icra edilməsi. Bazarda qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların, satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışına və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən damğalanmamış tərəzidən və digər ölçü cihazlarından istifadəyə yol verilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !