Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Çağdaş dövr və təhsil” mövzusunda IX Ümumrespublika elmi-praktik konfrans keçirilib.
BDU-dan APA-ya bildirilib ki, konfransın plenar iclasını açan universitetin rektoru, akademik Abel Məhərrəmov Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, onun ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.
Sonra çıxış edən Bakı Mühəndislik Universitetinin professoru Əjdər Ağayev, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Murat Kadifeci bildiriblər ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandırıb.
Konfrans işini bölmə iclaslarında davam etdirib. Beş bölmədə ümumilikdə 175 məruzə dinlənilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !