BDU Pərvizlə bağlı qərarını dəyişdi

17:18 | 01.12.2020
BDU Pərvizlə bağlı qərarını dəyişdi

BDU Pərvizlə bağlı qərarını dəyişdi

Noyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. 

Anews.az xəbər verir ki, iclasda BDU rektoru Elçin Babayev Elmi Şura üzvlərini qələbəmiz münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsi, ərazilərimizin işğaldan azad olunması haqqında ətraflı danışıb. 

Cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilmişdir. Komissiya öz qərarında bildirmişdir ki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etmişdir. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunmuşdur.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş etmişdir. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bilirmişdir. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş etmişdir.

Komissiya  məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış etmişdir. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab etmişdir.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılmış, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanmışdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM