Bəhram Bağırzadə: “Tamaşaçıların sevgi və dəstəyi qələbə üçün stimuldur” - MÜSAHİBƏ

18:53 | 18.06.2015
Bəhram Bağırzadə: “Tamaşaçıların sevgi və dəstəyi qələbə üçün stimuldur” - MÜSAHİBƏ

Bəhram Bağırzadə: “Tamaşaçıların sevgi və dəstəyi qələbə üçün stimuldur” - MÜSAHİBƏ

Rüstəm Qasımov

Hazırda tarixdə ilk dəfə olaraq, Bakıda "Baku-2015” Avropa Oyunları keçirilir. Yarışlar bir neçə məşhur idman arenasında, "Baku Chrystal Hall”, Heydər Əliyev adına idman kompleksi, su idman oyunları sarayı və digər yerlərdə baş tutur. Yarışların keçirildiyi məkanlara getmək üçün xüsusi avtobuslardan istifadə etmək olar, müxtəlif metro stansiyaların çıxışında gözləyən avtobuslar tamaşaçıları və iştirakçıları tədbirlərin keçirildiyi yerlərə pulsuz çatdırır.
 

  
Dünən mən bir neçə idman növü üzrə yarışı izləyə bildim, onlardan biri, qadınlar arasında voleybol matçı «Baku Crystal Hall»da keçirilirdi. Qadın voleybolu ölkəmizdəki ən populyar idman növlərindən biridir. Dünən mən buna bir daha əmin oldum, Azərbaycan yığma komandasını oyununu dəstəkləməyə gələn çoxsaylı azarkeş kütləsinin sayəsində millimiz inamlı qələbə qazandı. Bu dəfə İtaliya yığması qarşımızda tab gətirə bilmədi. 
 


Məhz bu oyunda mən əbədi bakılı, Azərbaycanın komediya aktyoru və rejissoru, Avropa Oyunlarının ulduz səfiri, "Neftçi” FK-nın müşahidə şurasının üzvü, əfsanəvi "Parni iz Baku” komandasının üzvü Bəhram Bağırzadə ilə söhbət edə bildim. 
 


Çimərlik futbolunda Avropa Oyunlarının ulduz səfiri olan Bəhram Bağırzadə bu idman növünü təbliğ etmək üçün digər oyunlara da baş çəkir. O, olduğu idman yarışlarında çəkdiyi fotoları tez-tez sosial şəbəkələrdə paylaşır. Bəhram Bağırzadə deyir ki, o, bütün idman növləri üzrə keçirilən yarışlarda iştirak etmək istərdi, amma fiziki cəhətdən buna nail olmaq mümkün deyil, xüsusilə də oyunlar paralel keçirilirsə. 
 


Bəhram qeyd etdi ki, Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün Avropa üçün bayramdır: "Mən çox şadam ki, Avropa miqyaslı bu yarışma Azərbaycanda keçirilir. Hələ də Avropa Oyunlarının açılış mərasimindəki təəssüratdan çıxa bilməmişəm. Bağlanış mərasiminin də çox maraqlı olacağına əminəm. Avropa Oyunlarına maraq çox böyükdür. Məsələn, mən tez-tez insanların açılış mərasimində iştirak etmədiklərinə görə təəssüfləndiyini görürəm, axı bu mərasim həqiqətən də möhtəşəm oldu. Gördüklərindən heyrətə gələn insanlar indi yarışlara bilet axtarırlar. Ancaq biletlər demək olar ki, qalmayıb. Hamısı alınıb. Bu nəyi göstərir? Hə, maraq həqiqətən çox böyükdür"
 

 

Azərbaycan-İtaliya matçında olarkən mən Bəhramı müşahidə elədim, o, oyunun əksər hissəsini ayaq üstə keçirdi. Açıq görünürdü ki, o voleybolçu qızlarımızın oyununa baxarkən, necə həyəcan keçirir. Ancaq ən əsası Bağırzadə tamaşaçı kütləsini canlandırırdı, bundan sonra canlanmış tamaşaçıların alqış sədaları susmaq bilmirdi. İnsanlar milli komandamızı ürəkdən dəstəkləyirdilər, nəticədə də yığmamız rəqib qarşısında cəmi bir set güzəştə getdi, qalan setlərdə qalib gələrək inamlı qələbə qazandı. Söhbətimiz zamanı Bağırzadə özünün fəaliyyəti barədə bunları dedi: "İdmançıların hər zaman tamaşaçı dəstəyinə ehtiyacı var. Razılaşın ki, sənə eyni vaxtda bu qədər insanın dəstək verməsi, mən hələ televizor qarşısındakıları demirəm, hədsiz böyük güc və enerji verir. Tamaşaçıların sevgisi və dəstəyi qələbə üçün stimuldur. Bizimkilər oynayanda isə, öz gücüm daxilində olan hər şeyi edirəm ki, idmançılarımız insanların onlara görə azarkeşlik etdiyini, həyəcanlandığı və dəstək verdiyini hiss etsinlər. Buna görə də mən çalışıram öz töhfəmi verim. Avropa Oyunlarının ulduz səfiri kimi təkcə mənim kurasiyamda olan idman növü üzrə yarışa deyil, digər idman növü üzrə yarışlara baş çəkməyə çalışıram ki, maksimum dərəcədə insanların marağını cəlb edə biləm və yarışın dünya idman tarixində unudulmaz hadisələrdən biri olmasına öz töhfəmi verim” - əbədi bakılı dedi. 
 



Bağırzadə Avropa Oyunların ölkəmizə nələr qazandıracağı barədə sualıma da münasibətini bildirdi: "Birincisi, Avropa Oyunlarındakı ən böyük qələbə odur ki, yarışlara baxan uşaqlar valideynlərindən onları bəyəndikləri idman növünə yazdırmağı xahiş edəcəklər. Uşaqlarımız idmanla məşğul olmağa başlayacaqlar, bu isə ilk növbədə sağlamlıq deməkdir. Məhz bunun sayəsində biz zaman ərzində fiziki cəhətdən dünyanın sağlam millətlərindən biri olacağıq, fiziki və mənəvi cəhətdən sağlam xalq isə hər şeyə nail olmağa qadirdir! İkincisi isə, Avropa Oyunlarındakı ən böyük uğur dünyanın müxtəlif ölkələrindən Azərbaycana turist axınının olmasıdır. Ölkə özünə əla reklam qurdu. Bir baxın, şəhərdə nə qədər turist var. Əgər inanmırsınızsa, axşamçağı bulvara çıxın, orda siz dünyanın müxtəlif ölkələrindən olan turistlərlə qaşılaşacaqsız. Onların böyük əksəriyyəti bakıya Şərqi Avropadan və MDB ölkələrindən gəliblər. Qeyd etmək istəyirəm ki, qısa zaman ərzində Bakıda turistlərin sayı daha da çoxalacaq, elə biz də buna can atırıq, çünki turizmin inkişafı həm prestijdir, həm də qazanc gətirir. Avropa Oyunlarının effektini biz hələ bir neçə aydan sonra görəcəyik. Mən buna bir qram da olsun şübhə etmirəm”. 
 


Sayları 7 mini mini keçən yerli könüllülərin fəaliyyəti barədə danışarkən, Bağırzadə inamla bildirdi ki, xaricdən dəvət edilən könüllülər də burada öz rollarını oynayırlar: "İş burasındadır ki, Azərbaycan inamla irəliyə addımlayır. Ancaq biz maneələrdən birdən tullana bilmərik. Hər şeyi tədricən eləmək lazımdır. Hər şeyi birdən tələb eləmək olmaz, belə şey ümumiyyətlə olmur. Nəyəsə nail olmaq üçün işləmək lazımdır, bizim elədiyimiz də elə budur. Bu çərçivədə xaricdən dəvət edilən mütəxəssislərin bizim uşaqları öyrətməsi əla ideyadır. Nəyə görə - sual edin. Ona görə ki, azərbaycanlı qız və oğlanlar özləri üçün çox vacib olan təcrübəni qazanmaqla, gələcəkdə bu sahədə peşəkar olacaqlar, insanlarla ünsiyyətdən tutmuş, belə ciddi yarışların keçirilməsi və xidmətin göstərilməsinədək. Demirəm ki, onların hamısı öz işlərinin ustası olacaqlar, ancaq görülən iş və qazanılan təcrübə itmir. Öz şəxsi təcrübəmdən deyim. Əgər mən "KVN”-nin üzvü kimi Moskvaya getməsəydim, qastrollarda iştirak etməsəydim, mən özümçün bu qədər faydalı və işəyarayan təcrübəni qazana bilməzdim. İnsan özünü təkmilləşdirməlidir. Bu ancaq şəxsiyyətin xeyrinə işləyir. Ona görə də, əgər bizim uşaqlarımız belə davam eləsələr, onların yaxşı gələcəyi olacaq. Axı onlar sonra başqa ölkələrə gedə, brifinqlər, treyninqlər keçirə bilərlər” , - Bəhram Bağırzadə sözlərinə yekun vurdu.  
 



Keçmişə nəzər salarkən mən Bəhrama "İşərişəhər”də baş tutan məşəldaşıma məsələsi barədə də soruşdum: "Gözəl Bakımız da daxil olmaqla, ölkənin regionlarında məşəldaşıma prosesinin necə həyacanlı və məsuliyyətli olduğunu demədən keçmək olmaz. Məşəli "İçərişəhər”dən keçirmək mənə həvalə olunanda, çox xoşbəxt idim. "İçərişəhər”in küçələrində əlimdə məşəllə keçərkən, məni qürur hissi bürüdü. Çox təəssüf edirəm ki, mərhum atam bu möhtəşəm günü görə bilmədi”, - Bəhram kədərlənərək dedi. 

Söhbətimizin sonunda Bəhram şəhərimizin sakinlərinə müraciət etdi və dedi ki, idmançılarımızın iştirak etdiyi heç bir yarışa biganə qalmasınlar, gəlib dəstəkləsinlər ki, Azərbaycan himni səslənəndə bütün zal ayağa qalxsın. Bağırzadə həmçinin xalqımızı müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi!
 










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb