Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib.
Baş prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Kürdəmir rayon sakininin rayonun Qarasaqqal kənd bələdiyyəsinin sədri Yengibar Əhmədovun üzərində evi olduğu torpaq sahəsinin həyat yoldaşının adına rəsmiləşdirilməsi məqsədi ilə ondan pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb.
Araşdırmalar zamanı idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Y.Əhmədov yaşadığı evdə 500 manat məbləğində pulu kənd sakinindən alarkən saxlanılıb.
Evə keçirilmiş baxış zamanı həmin vəsait maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
Y.Əhmədovun xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət almasında əsaslı şübhələr yarandığından fakta görə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
ANN.Az