"Azərbaycanda
bələdiyyə torpaq makleri obrazında qavranır, biz bu sterotipi sındırmağa
çalışırıq”, Bakının Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva anews.az-a
müsahibəsində belə deyir. "Seçici gəlib
bizə səs verdi, indi isə biz onun ayağına getməliyik”, deyərkən gözləri
parlayan Aytac Əliyeva 70 min adamın yaşadığı, 40 mindən çox seçicisi olan qəsəbədə
bələdiyyənin gördüyü işlərdən şövqlə danışır: "Bakıda ilk bələdiyyəyik ki, qəsəbədə
məişət tullantılarını biz daşıyırıq”.
- Biz bunu könüllü edirik. Müxtəlif
fimarlarla müqavilə bağlamışıq, düzdür, bizim texnikamız var, istəsək,
özümüz sürücü, fəhlə götürüb bu işi görərik. Amma bu işi görən firmalarla işləmək
daha yaxşıdır. Biz onlara bu xidmətin pulunu ödəyirik, onlar da əhalinin məişət
tullantılarını daşıyırlar.
- Təbii ki, əhali bu xidmətin haqqını bələdiyyə büdcəsinə ödəyir. Məişət
tullantıları iki üsulla toplanır: sakinlər
tullantıları müəyyən yerlərdə qoyulan qablara
atır, maşınla ordan daşınır. İkincisi isə
siqnal üsuludur, yəni həftənin müəyyən günlərində maşın məhləyə gedir, siqnal
verir, sakinlər də tullantı torbalarını qapılarında maşına verirlər. Biz
bununla həm camaatın məişət tullantılarını toplayırıq, həm də sakinlər bu işi bələdiyyənin
gördüyünü bildiyindən bələdiyyənin işindən məlumatlı olur. Bundan başqa, biz həm də qəsəbədə bəzi yerlərə
pulsuz su çatdırırıq. Çünki həmin məhəllələrə su xətti yoxdur.
- Qəsəbədə su xətləri yoxdur ki?
- Var, hətta elə ərazilərimiz var ki, evinə müddədtsiz su gəlir. Amma bəzi
yerlərdə su-kanalizasiya problemi yaşanır. Bu problemi önləmək üçün bələdiyyə
maşınla su daşıyır. Təxminən 20 ünvana su daşıyırıq.
- Bələdiyyə bu məhəllələrə su xətti
çəkə bilmirmi?
- Xeyr, bu çox vəsait tələb edən dövlət layihəsidir. Hazırda bu istiqamətdə
işlər gedir, başa çatanda o ünvanlar da daimi su xətti ilə təmin olunacaqlar.
Sadəcə, indi onlar susuz qalmasın deyə bələdiyyənin hesabına sakinlərin gündəlik
su ehtiyacı təmin olunur. Biz həm də qəsəbəmizdə
yaşayan aztəminatlı ailələrə aylıq yardım edirik, o cümlədən, 24 ailə var ki,
uşaqlar orda qəyyumluqdadı, onlara yardım edirik.
- Aytac xanım, bu yardım qərarını
siz təkbaşınamı verirsiz?
- Xeyir, təbii ki. Bələdiyyə iclasına çıxarırıq, qəbul olunarsa, həyata
keçiririk.
- Qəsəbə ərazisində fəaliyyət
göstərən sahibkarlarla bələdiyyə necə işləyir?
- Sıx çalışırıq. Deyək ki, bayramlarda onlar bizə ərzaqla yardım edirlər,
biz də o ərzaq paylarını aztəminatlı ailələrə, ehtiyacı olanlara çatdırırıq.
Gözləmirik ki, adamlar gəlib qapımızı döysünlər. Onlar seçkidə gəlib bizə səs
veriblər. İndi isə biz kabinetdə otura bilmərik, seçicilərin ayağına getməliyik,
xidmət etməliyik. Bir az təvəzökarlıqdan uzaq olsa da, Binəqədi bələdiyyələri
bir çox yeniliklərə əl atırlar.
- Gördükləriniz işlər, həyata
keçirmək istədiyiniz layihələr barədə mütləq yerli icra hakimiyyətinə məlumat
verirsizmi?
- Məlumat vermək yox, məlumat paylaşma deyərdim. Səlahiyyət çərçivısində
hərəkət edirik.
- Bələdiyyənin təşkilati
strukturu necə formalaşıb?
- 15 bələdiyyə üzvü var, onlardan 4-ü bələdiyyədə həm də ştatda işləyir,
bələdiyyə sədri, iki müavin və bir daimi komissiyanın sədri. 4 şöbə fəaliyyət göstərir: sənədlərlə və vətəndaşların
müraciəti ilə iş şöbəsi, bələdiyyə gəlirləri və yerli gəlirlər şöbəsi, ərazi
mülkiyyətinin idarə olunması və təsərrüfat şöbəsidir. Hüquq, ictimaiyyətlə əlaqələr kimi sektorlar
da şöbə daxilində fəaliyyət göstərir. Şöbələrin yaradılması seçkidən sonra
keçirilən iclasda müəyyən olunur, daxili əsasnaməsi hazırlanır, fəaliyyət
istiqamətləri müəyyənləşir və bələdiyyə iclasında təsdiq olunur. Təşkilatlanma
ilə bağlı hər hansı problem yoxdur. İşçilərin hər birinin vəzifə təlimatı var və
bu da bələdiyyə iclasında təsdiqlənir. Bələdiyyə işçilərimiz üçün yay-qış
rejiminə uyğun olaraq uniforma tətbiq olunur. Hətta müqavilə əsasında işləməsinə
baxmayaraq, vergi müfəttişlərimizin də uniforması var.
- Qəfil çıxan problemin təcili həlli
üçün nə edirsiz?
- Bələdiyyənin fövqəladə iclasını çağırırıq. Burda müvafiq qərarlar qəbul
edirik.
- Bəs şöbələrin fəaliyyət planı
necə tərtib olunur?
- Illik fəaliyyət planı hazırlanır, bələdiyyə iclasında təsdiqlənir.
Büdcə proqnozuna əsasən bu tədbirlər planlaşdırılır. Bir də aylıq konkret tədbirlər
planı olur ki, hər ayın sonu müzakirəyə çıxarılır.
- Binəqədi qəsəbəsi bələdiyyəsinin
büdcəsi nə qədərdi?
- 2016-cı ildə büdəyə 504 min manat daxil olub, bunun içində vergi rüsumları, ianə
və digər ödənişlər var.
- Bu vəsait 70 minə yaxın sakin
yaşayan qəsəbə üçün yetərlidimi?
- Bu vəsaitin bir hissəsi bələdiyyənin saxlanma xərclərinə gedir. Yerdə
nə qalırsa, qəsəbənin ehtiyaclarına yönəldirik. Təbii ki, gəlirimiz nə qədər
çox olsa, o qədər də çox işlər görərik. Amma bu vəsiatlə də qəsəbənin
ehtiyaclarını ödəməyə çalışırıq.
- Sakinlər vergiləri ödəyirmi?
Çünki bir çox bələdiyyə bundan şikayətçidir.
- Əlbəttə. Çünki sakinlər ödədiyi vegilərin nəticəsində konkret xidmət
görürlər. Buna görə də vergi toplanmasında problem yaşamırıq.
- Sizi bələdiyyə öz istehsal sahələrini
yaratmağı düşünürmü? Azərbaycanda bələdiyyə strukturunda çatışmayan cəhət kimi
vurğulanan məsələlərdən biri də budur.
- Biz artıq buna başlamışıq. İsmayıllı, Gədəbəy və Şəmkir bələdiyyələri
ilə tərəfdaşlıq sazişi imzalamışıq və ordakı fermerlərə öz məhsullarını satmaq
üçün qəsəbə ərasizində yer ayırmışıq. Yer haqqı digər bazarlara nisbətən ucuz
olduğu üçün təşkil etdiyimiz yarmarkada alıcı daha ucuz məhsul ala bilər.
Bundan başqa, biz iki layihə hazırlamışıq, ərazimizdə sabun və politilen
zavodunun tikilməsini istəyirik. Bu layihələri aidiyyətli dövlət strukturlarına
müraciət etmişik və dövlət dəstəyi gözləyirik. Dəstək deyəndə, güzəştli kredit
istəyirik. Zavodların tikilib istifadəyə verilməsi həm qəsəbədə işsizliyi
azaldacaq, həm də istehsaldan bələdiyyə büdcəsinə vəsait daxil olacaq ki, bu da
bizim daha geniş spektirdə işlər görməmizə yardımçı olacaq, kreditimizi də
qaytaracağıq. Mən onu da əlavə edim ki, bizdə əmək haqqı da normaldı. Qəsəbənin
təmizliyinə baxan işçilərimiz 400-450 manat maaş ala bilirlər, sücürülər təxminən
500 manat alır. Bəzi işsiz sakinlərimiz vergi müfəttişi kimi qeydiyyatdan
keçib, 1000-1500 manata qədər gəliri olur. Yığdığı verginin 20 faizi vergi müfəttişinə
qayıdır axı. Biz bələdiyyə barədə formalaşan sterotipləri dağıtmağa çalışırıq.
Məsələn, enib-qalxması çətin olan ərazilərdə məhəllədaxili martşrutlar açmışıq.
Bizim burdan heç bir maddi qazancımız yoxdu. Avtobus şirkətlərindən biri ilə
danışmışıq, camaatı simvolik məbləğə, məsələn, 10 qəpiyə daşıyır. Sadəcə, üstünə
"bələdiyyə avtobusu” sözlərini yazmışıq. Əsas odu, sakinlər bilsinlər ki, bələdiyyə
var və o topraq satmaqla yox, camaata xidmət göstərməklə məşğuldur.
S.Mehdiyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !