Belçikada Xocalı abidəsi açılacaq

16:58 | 03.06.2014
Belçikada Xocalı abidəsi açılacaq

Belçikada Xocalı abidəsi açılacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin Brüsselə ezam olunmuş əməkdaşları və onları müşayiət edən bir neçə media qurumunun təmsilçisi Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və türk icmasının fəal üzləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Belkad” Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Ucar Abbas, “Dayak” Azərbaycan -Türkiyə - Belçika Dostluq Cəmiyyətinin sədri Asəf Bağırov və Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi Ethem Kışlalı iştirak edib.

 

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının türk icmaları ilə əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. N. Qurbanov deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, qondarma erməni soyqırımına qarşı effektiv mübarizədə, həmçinin digər ortaq maraq kəsb edən məsələlərdə yalnız türk xalqları diasporunun birgə fəaliyyəti ilə uğurlu nəticələr əldə etmək mümkündür.

 

Azərbaycanın problemlərini hər zaman özlərininki kimi qəbul etdiyini deyən Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi E. Kışlalı Belçikada azərbaycanlılardan daha əvvəl formalaşmış və dövlət qurumları ilə sıx əlaqəsi olan türk diasporunun Azərbaycan diasporuna dəstək göstərməyə hazır olduğunu deyib. E. Kışlalı bildirib ki, Belçikanın bəzi bölgələrində ciddi seçici elektoratına çevrilən türklər bu imkanlarından istifadə edərək yerli senatda öz sözünü deyə bilər. Türk diaspor fəalı təklif edib ki, Azərbaycan həqiqətlərinin - ərazilərin işğal olunması, Xocalı soyqırımı, qaçqın və köçkünlərlə bağlı məsələlərin Belçika senatının gündəliyinə salınması istiqamətində fəaliyyət göstərilsin.

 

“Belkad” Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar isə bildirib ki, hazırda Belçikanın Fransa ilə sərhədində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılmasına dair yerli bələdiyyə ilə danışıqlar aparılır. Abbas Uçar rəhbərlik etdiyi təşkilatın sırf siyasi istiqamətdə fəaliyyət göstərdiyini və digər türk təşkilatları, həmçinin diaspor fəalları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

 

 

Görüşün yekununda Dövlət Komitəsinin təmsilçisi N. Qurbanov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin qondarma soyqırımı təbliğatına qarşı mübarizə və gələn il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə təbliğ olunması istiqamətində Azərbaycan və türk təşkilatlarının birgə fəaliyyətinə dair bütün təkliflər təhlil olunaraq dəyərləndiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM