Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

16:07 | 17.12.2015
Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı Milli Strategiya hazırlanır.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair Seminar keçirilib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi”nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd edib ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir.

Vurğulanıb ki, Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə "Təmiz Şəhər” ASC yaradılıb, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılmaqdadır.

Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2009-cu ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən uğurla həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilmiş, bərk məişət tullantılarının idarəçiliyi üzrə Böyük Bakı Strategiyası və Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanıb, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanılıb, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunub.

Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılıb. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilmiş və onlar tərəfindən ölkəmizdə bərk məişət tullantılarının idarə edilməsinin cari vəziyyətinin öyrənilməsi məqsədilə 11 pilot sahədə tullantıların tərkibinin və həcminin müəyyənləşdirilməsinə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırmalar aparılmış, müxtəlif dövlət qurumlarından alınmış statistik məlumatlar, rayon və şəhərlərdən daxil olmuş sorğular təhlil edilib.

Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif etmiş və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlayıb. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini qeyd etmiş, layihəyə dair fikirlərini bölüşüb.

"Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə danışıb.

Sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilmişdir.
Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildiriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti