"Almaniyanın Braziliya üzərində qələbəsi yox, oyunda qeydə alınan hesab təəccüblü oldu. Mən Almaniya və ya digər Avropa komandasının Braziliyanı məğlub edəcəyini bilirdim. Oyundan öncə 4:1 hesabını proqnoz versəydim, mənim dəli olduğumu düşünərdilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində deyib.
Almaniya yığmasının "DÇ-2014"ün yarımfinalında Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsinə münasibət bildirən 67 yaşlı mütəxəssis bu haqda belə deyib: "Braziliya belə hesabla uduzduğu üçün məyus oldum. Çünki bu komanda hər zaman dünya çempionatlarında yaxşı oyunu ilə seçilib. Lakin Almaniya da güclü komandadır. Yoahim Löv rəqibi yaxşı analiz etmişdi və onun komandası taktiki cəhətdən oyuna hazır idi. Bu da özünü oyunun nəticəsində göstərdi".
Hollandiya millisinin "DÇ-2014"ün finalına yüksələ bilməməsinə toxunan almaniyalı mütəxəssis "narıncılar"ın problemlərindən danışıb: "Almaniya finalda Hollandiya ilə qarşılaşsaydı, daha yaxşı olardı. Lakin onları, Aryen Robbeni, Robin van Persini yaxşı tanıyırıq. Hollandiya millisinin problemi ondadır ki, bu komandanın çox az futbolçusu böyük klublarda oynayır".
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi kimi Braziliyada keçirilən dünya çempionatına yollanan Berti Foqts millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibləri haqda da danışıb: "Azərbaycan millisi ilə müqaviləm var. Komandamı "Avro-2016"nın seçmə mərhələsinə hazırlamalıyam. İlk oyunumuz Bolqarıstana qarşı olacaq. Sonra İtaliya və Xorvatiya ilə qarşılaşacağıq. Bunlar asan rəqiblərdir (gülür). Bunu siz də görəcəksiniz".
ANN.Az