Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edir.
O, 2022-ci ilin dekabrında Yasamal rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan ona yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirir.
Hazırlıq iclasındakı sıralamaya görə, baxış iclasında əvvəlcə zərərçəkən və şahidlər, sonra tərqsirləndirilən şəxs ifadə verməli idi. Ancaq zərərçəkənlər Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayev fevralın 16-da baş tutan məhkəmə prosesində iştirak etmədikləri üçün hakim Bəxtiyar Hacıyevə ifadə verməyi təklif edib.
Bəxtiyar Hacıyev bildirib ki, o, ifadə verməzdən əvvəl vəsatət təqdim etmək istəyir.
"Möhtərəm hakim, son 20 ildə çox sifarişli, saxta işlərlə qarşılaşmışam, ancaq etiraf edim ki, beləsini görməmişəm. Mənim bu vəsatətim təmin olunsa, bütün cinayət işi darmadağın olacaq və heç bu məhkəməyə də ehtiyac qalmayacaq. Söhbət ondan gedir ki, mənim barəmdə cinayət işi başlayan Yasamal rayonu, 28-ci polis bölməsinin təhqiqatçısı Pünhan Əbilovun və Ülviyyə Alovlunun guya kəllə-beyin travması alması barədə rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun imzaları sənədlərdə fərqlidir. Təsəvvür edin ki, bu adamların protokollardakı, Bakı Şəhər Baş Polis İdarəsində verdikləri ifadələrdəki, verdikləri rəylərdəki, yazdıqları "Cinayət işi başlansın” sənədindəki imzaları bir-birindən tamamilə fərqlidir. Və mən məhz həmin imzalı protokollar əsasında həbs olunmuşam. Həmin imzaların doğruluğunun yoxlanması üçün məhkəmədən xətşünaslıq ekspertizası təyin olunması barədə qərar çıxarılmasını xahiş edirəm”, - Hacıyev deyib.
Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətə münasibət bildirib.
"Bəxtiyar Hacıyevin vəkilləri və özü hazırlıq iclasında da Pünhan Əbilovla Cahangir İsmayılovun əlavə şahid qismində məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib. Hesab edirəm ki, həmin şəxslər gələcəkdə əlavə şahid kimi dindiriləndən sonra, sənədlərin tədqiqi zamanı bu vəsatətə baxmaq olar. Ona görə də hazırda vəsatətin baxılmamış saxlanmasını xahiş edirəm", - dövlət ittihamçısı bildirib.
Bəxtiyar Hacıyev amma vəsatətinin təmin edilməsini israrla xahiş edib.
"Hörmətli prokuror, siz nə danışırsız? Deyirəm ki, imzalar fərqlidir, şübhəlidir və mən o şübhəli sənədlər əsasında burada oturmuşam. Başıma gələnlər, həbsə düşməyim 28-ci polis bölməsinin təhqiqatçısının yazdığı "Cinayət işinin başlanması” sənədindən qaynaqlanır. Mən də deyirəm ki, həmin o vərəqənin yuxarısında iri hərflərlə yazılmış "Cinayət işi başlansın” sözünün altındakı imza saxtadır. O saxtalıq ekspertiza ilə təsdiqini tapsa, bu məhkəməyə də ehtiyac qalmayacaq. Siz isə deyirsiz ki, qoy məhkəmə bitsin, sonra bu məsələyə baxarıq”, - Hacıyev deyib.
Hakim heyəti qısa müşavirə keçirərək qərara alıb ki, vəsatətə sənədlərin tədqiqi vaxtı baxılacaq.
Bəxtiyar Hacıyev ifadəyə təxminən 3 il əvvəldən başlayaraq vurğulayıb ki, hələ 2021-ci ildə ona şəxsi həyatı ilə bağlı şantaj olunması üçün işin getdiyi barədə məlumatlar çatıb.
"Bütün başıma gələnlər ictimai fəaliyyətimlə bağlıdır. Əvvəl Ülviyyə Alovlu mənə, ailəmə, yaxın qohumlarıma qarşı sosial şəbəkələrdə təhqirə başladı. Qarşısının alınması üçün dəfələrlə Daxili İşlər Nazirliyinə, DİN 102 Xidmətinə müraciət etdim. Daxili İşlər Nazirliyindən konkret bildirdilər ki,
nazirin göstərişi var, hər belə hallara görə xanımlar barəsində cinayət işi qaldırılmır. Ancaq nədənsə Ülviyyə Alovlunun mənim barəmdə Yasamal Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürüldü. Məhkəmə iclasında hakim müşavirə otağına gedəndə hamının qarşısında gözümün içinə anamın ünvanına kəskin təhqirlər səsləndirdi. Elə təhqirlər idi ki, burda təkrarlamağı uyğun görmürəm. Əsəblərimi cilovlaya bilməyib, onun əyləşdiyi tərəfə addımladım, əlimdəki sənədləri masanın üzərinə çırpdım. Bunu da tez məqsədli şəkildə sosial şəbəkələrdə yaydılar, məni gözdən salmaq məqsədilə adını da qoydular ki, Bəxtiyar Hacıyev qadına qarşı şiddət sərgiləyib. Ancaq onun mənim arxamca stəkan, telefon tullamasını nə yayan, nə də deyən oldu”, - Hacıyev bildirib.
O vurğulayıb ki, hazırda zərərçəkənlərdən biri kimi tanınan Orxan Abdullayev Yasamal Rayon Məhkəməsində icra məmuru olub. O da Bəxtiyar Hacıyevi məhkəmə salonundan çıxarmaq istəyərkən müqavimət göstərməsi ilə bağlı şikayətçi olub. Bəxtiyar Hacıyev məhkəmədə bu epizodu da şər-böhtan adlandırıb.
Təqirləndirilən şəxs daha sonra bildirib ki, Ülviyyə Alovlunun 28-ci polis bölməsinə şikayəti ilə bağlı başlanmış cinayət işinə Bakı Şəhər Baş Polis İdarəsində 2022-ci ilin martında xitam verilsə də, bir neçə ay sonra – dekabrın 9-da xarici ölkələrdən birindən qayıdanda hava limanında elə həmin işlə bağlı həbs olunub. İstintaq müddətində fəaliyyəti ilə bağlı maddələr də əlavə ediblər.
"DİN mənim Ülviyyə Alovlu ilə bağlı şikayətlərimə baxmadığı üçün mən beynəlxaq təşkilatlara mütəmadi məlumatlar verirdim. Nəticədə DİN əməkdaşlarının adı sanksiyalar siyahısına salınırdı. Həbsimin əsas səbəbi də budur. Elə mən həbs olunan gün ABŞ DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir əməkdaşının adını sanskiya siyhahısına salıb”.
Bəxtiyar Hacıyev ifadəsinə davam edərək bildirib ki, "Ülviyyə Alovlu onunla bağlı müxtəlif qurumlara onun xaricdən maliyyələşərək çevriliş hazırlaması ilə bağlı böhtanlar yazıb. Eyni məzmunlu və saxta email ünvandan istintaq orqanına müraciətin göndərilməsində isə Bakı Şəhər Baş Polis İdarəsindən şübhələndiyini" vurğulayıb.
Bəxtiyar Hacıyev qaçaqmalçılıq ittihamına da münasibət bildirib.
"Bir müddət əvvəl Respublika Bankındakı xidməti bəyənmədiyim üçün bir ara oradakı hesabımdan pulu "Yapıkredi”dəki hesabıma köçürtmüşəm. Sonra Bank Respublika ilə aramızdakı anlaşılmazlıq aradan qalxdı, mən "Yapıkredi”dəki pulumu geri köçürtdüm. Yəni bir cari hesabımdan o biri cari hesabıma pul köçürmüşəm, bir müddət sonra pulu yenə əvvəlki cari hesabıma qaytarmışam. Müstəntiq bu köçürmələrlə bağlı sənədləri "təftiş” edib və sənədin yuxarısında ingiliscə yazılan sözlərdən bircə Nyu-York sözü diqqətini çəkib, götürüb ora yazıb ki, Nyu-Yorkdan mənə pul gəlib (gülür). Təsəvvür
edirsiz, adam özünü iqtisadi cinayətləri araşdıran ali savadlı, peşəkar müstəntiq hesab edir, ancaq harada xarici dildə hansı ölkənin adını oxuyubsa, götürüb ittiham aktına yazıb ki, həmin ölkədən Bəxtiyar Hacıyevə pul gəlib. Bu, hələ daxili işlər nazirinin xüsusi nəzarətində olan işdir, bunlar işi bu qədər qeyri-peşəkar aparıblar”, o əlavə edib.
Qanunsuz sərhədkeçmə ittihamına gəlincə, Bəxtiyar Hacıyev ifadəsində göstərib ki, 2019-2021-ci illərdə Gürcüstanda olmayıb, 2022-ci ildə ümumiyyətlə, xaricdə olmayıb. Ancaq ona həmin illərdə Gürcüstan üzərindən xaricdən qaçaq yolla pul gətirməklə bağlı ittiham verilib.
Hakim Əli Məmmədov təqsirləndirilən şəxsin ifadəsini yarımçıq saxlayıb və bildirib ki, icraatlarında olan başqa işlərə baxmalıdılar.
Bəxtiyar Hacıyev növbəti məhkəmə iclasında ifadəsinə davam edəcək.
Günel Əliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !