Beynəlxalq Əmək günü- Azərbaycanda əmək hüquqları necə qorunur?

22:42 | 01.05.2023
Beynəlxalq Əmək günü- Azərbaycanda əmək hüquqları necə qorunur?

Beynəlxalq Əmək günü- Azərbaycanda əmək hüquqları necə qorunur?

Azərbaycanda 1920 -ci il mayın 1-dən başlayaraq  Beynəlxalq Zəhmətkeşlər Günü  qeyd olunur. Bu gün Azərbaycan Konstitusiyasında və Əmək Məcəlləsində qəbul edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatdan çox istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsi kimi qiymətləndirilir.
 
Tarixdə 1889-cu il iyulunda, Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən,  bir gündə 8, həftədə 40 saatdan artıq işləmək olmaz. 90-cı maddəsinə görə, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Bəs Azərbaycanda əmək hüquqları necə tənzimlənir?
 
Hüquqşünas Azər Quliyev hesab edir ki, Azərbaycanda  işçilərin hüquqlarının pozulduğu ən böyük problem müddətli əmək müqaviləsinin bağlanmasıdır.
 
"Əmək məcəlləsinin 45-ci maddəsində qeyd olunur ki, göstərilən xidmətlərin və işlərin daimi olmağı əvvəlcədən məlumdursa, işçi və işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Digər bənddə isə tərəflərin qarşılıqlı razılığı ilə müddətli müqavilə bağlana bilər. İşə götürən də bundan istifadə edərək, müddətli müqavilə imzalayır. Əmək müqaviləsi imzalanan zaman aşağı əmək haqqı ilə işçi razılaşaraq müqavilə bağlayır. Sonra müəyyən kateqoriyada olan işçilər var ki, gecə və axşam saatlarında işlədiklərinə görə pul alırlar. Bir çox hallarda bədbəxt hadisələr işdə gizlədilir.  Eyni zamanda sığorta pulunun ödənilməsində problemlər yaranır",- hüquqşünas vurğulayıb.
 
 Hüqüqşünas eyni zamanda işçinin xəbərdar olmadan işdən çıxarılmasının da hüquq pozuntusu kimi qiymətləndirir.
 
"Əgər işəgötürən işçini işdən çıxaracaqsa, qanunla 63 gün əvvəlcədən işçiyə məlumat verilməlidir. Xəbər verilmədən işçinin işdən çıxarılması hüquq pozuntusudur",- Quliyev əlavə edib. 

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı söyləyir ki, aparılan monitoriqlər, daxil olan ərizələr, şikayətlər bütün proseslər göstərir ki, Azərbaycanda işçilərin hüquqları düzgün qorunmur.
 
"Əvvəlki illərə nisbətən işçilərin vəziyyəti ağırlaşıb. Onlar həmrəy olaraq, öz hüquqlarını qoruya bilmirlər. Hüquq müdafiəçisi olaraq sosial şəbəkələri, məcəlləni işçilərə xatırladırıq ki, qanunvericilikdə maddələr var, bunlar sizin haqqınızdı və s. ancaq işçilər işdən çıxarılmaq qorxusu ilə səslərini çıxara bilmirlər. Həmrəy olub, hamı bir yerdə etiraz etməlidirlər. Qorxularından birlikdə bir yerdə yığıncaq belə keçirə bilmirlər. Azərbaycan Əmək Məcəlləsinin 309-cu maddəsində qeyd olunur ki, idərə və müəsisələrinin işçi hüquqlarının qorumalı olan ictimai nəzarət həmkarlar təşkilatındadır. Bu məcəllənin 15-ci maddəsində isə dövlət nəzarətini həyata keçən dövlət əmək müffətişliyidir. Monitoriqlər, daxil olan ərizələr, şikayətlər bütün proseslər göstərir ki,  bu məcəllə işləmir",- Mirvari Qəhrəmanlı vurğulayıb.
 
Hüquq müdafiəçisi bildirir ki, işçilərin həmrəy ola bilməmələrinin səbəblərindən biri də Azərbaycan Əmək məcəlləsinə 300-dən yuxarı dəyişikliyin daxil edilməsdir.
 
"Bu yaxınlarda parlamentə müraciət etdik. Müraciətdə Azərbaycan əmək məcəlləsinin 8 maddəsinə əlavə təkliflər irəli sürdük. Azərbaycan Əmək məcəlləsin 300-dən yuxarı qanun daxil edilib. Qanunların əksəriyyəti də işçilərin ziyanına qəbul olunub. İş vaxtı insan xəsarət alır, bir müddət keçdikdən sonra ona əlilik verirlər.  Müəyyən zaman sonra Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi hesab edir ki, bunun əliliyi bitib və təqaüdünü kəsirlər. Həmin işçi sonradan işə müraciət edən zaman onu işə qəbul etmirlər. Qanunların boşluğu səbəbindən işə göturənlər arasında qəddarlıq artıb. Azərbaycanda kütləvi şəkildə ən çox hüquqları pozulan əmək, sosial, iqtisadi hüquqlardır. Azərbaycanda həmkarlar təşkilatları yardılmalıdır. Qanunvercilik aşağı səviyyədədir. Qurumların ictimai şuraları var. Ancaq bir işə yaramırlar",- hüquq müdafiəçisi əlavə edib.
 
Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, Azərbaycanda əməyin istismarı halları mövcuddur.
 
"Bu məsələdə qanunvericilik və praktiki tərəflər var. Qanun tərəfi ilə götürəndə Azərbaycanda  qanunlar beynəlxalq əmək standartlarına cavab verir. Hazırda Azərbaycan Beynəlxalq əmək təşkilatının 58 konvensiyasının  iştirakçısıdır. Özümüzün qanunvericiliyimiz var.  Praktikada isə bu biraz fərqlidir. İşçilərin əmək  müqaviləsi yoxdur. İşçi kiminsə bağında, təsərüffatında çalışır və s. onların əməyinin istismarı halları baş verir. Azərbaycanda qeyri formal əmək bazarının həcmi böyükdür.  Regiona nəzər yetirsək, qonşu ölkələrlə eyni səviyyədəyik. Azərbaycan MDB ölkələri arasında əmək haqqının göstəricilərinə görə  qabaqcıl  ölkələr sırasındadır, ancaq birinci yerdə deyil. Nəzər yetirsək, Rusiya və Qazaxıstandan sonra gəlir. Azərbaycanda əməyin mühafizəsi, işçinin imtiyazları və s. qanunvericilkdə yuxarı səviyədədir",-  Sahib Məmmədov bildirib.
 
Mağazada satıcı işləyən Nuranə Allahverdiyeva söyləyir ki, ayda 2 dəfə istirahət etməklə səhər 07:00-dan axşam saat 22:00-a qədər işləyir.
 
"İstirahətim ayda iki dəfə, iş saatım 11 saat, maaşım isə 250 manatdır. Bu işdə çalışmağa məcburam. Tək övladlarımı saxlayıram. İstirahət günlərimdə evlərə təmizliyə gedirəm. Mənim də pulum bundan çıxır. Müdir insaflı olanda əlavə pul da ödəyir. Elə vaxt olur ki, mağazada qalan çörəkləri və digər ərzaq məhsullarını verir mənə verirlər. Qane olmağa çalışıram",- satıcı bildirib.

2022-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək hüquqları ilə bağlı13476  daxil olub.  Daxil olan mütaciətlərin eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 7 130 sorğu və məktub araşdırılaraq cavablandırılıb.

Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 104 nəfər öz əvvəlki işinə bərpa edilib.
 
Hüqularının kobud şəkildə pozulduğunu iddia edən 4 nəfər işçi anews.az-a şikayət ediblər. Onlar "Azəriqaz" İB-nin tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqlarını iddia edirlər.
 
Facebook sosial şəbəkəsində "iş saatınız necə saatdır?" sualı ilə sorğu ünvanladıq. Bir qısm insan 8 saata kimi, digər qism insan isə 8-20 saat ərzində işlədiyini bildirdi. Çox işləyən şəxslər bunu sosial ehtiyacları üzündən olduğunu vurğuladı.

2023-cü ilin iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək. Bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 

Dünyada 4 günlük iş həftəsinə keçid son illər müzakirə edilir. Bəzi ölkələrdə buna icazə verilib, amma bu işəgötürənlə işçi arasında razılaşma ilə müəyfən olunacaq. Məsələn, Belçika, Avropa Biriliyində ilk dəfə 2022-ci ilin noyabrında başlayaraq işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub. Amma hazırda Belçikada işçilərin cəmi 0,73 faizi həftədə 4 gün işləyir. İşçi sayı 1000-dən az olan yerlərdə isə bu daha çətin olduğu bildirilib. 

"1 may" bayramı 66 ölkədə rəsmi, 100-dən artıq ölkədə isə qeyri-rəsmi qeyd olunur.
 
İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.
 
Aytac Zeynalova
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM