Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR

11:32 | 04.10.2023
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR

Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR

Bakıda keçirilən arıçılıq məhsullarının 23-cü Respubllika Sərgi-Satış yarımarkasında  bəzi satıcılar müştəri azlığından gileylənir, bəziləri isə əksinə bu il balın daha yaxşı satıldığını deyir. Müştərilər isə qiymətlərin qənaətbəxş olduğunu bildirir. 
 
Oktyabrın 2-dən 22-nə kimi Bakıda Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının satışı həyata keçirilir. Yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir.
 
Arıçılıq fəaliyyəti ilə məşğul olan İsfəndiyar Məmmədov bildirir ki, alıcılar az olsa da, bazara uyğunlaşmağa çalışır.

"25 ildir arıçılıqla məşğulam. Mingəçevirdən gəlirəm. Əslən Ağdamlıyam. Arılarımdan bol məhsul götürmək üçün Xalxala, Şəki və Oğuz zonalarına aparıram. 420 kiloqram bal gətirmişəm. Qiymətlər 25 manatdan 40 manata kimidir. Bazara uyğunlaşmağa çalışırıq.  Alıcılar azdı, bu yarmarkanın yeni olması ilə əlaqəlidir yəqin ki... Bu il arılarımı Kəlbəcərə aparmaq üçün portaldan qeydiyyatdan keçdim. Ancaq hava şəraiti uyğun olmadığı üçün gedə bilmədim. Hiss etdim ki, bu il orda məhsul az olacaq. Özümün 150 arı ailəm var. Dünəndən bu günə 20 kiloqram satmışam. İki gün üçün məni qane etmir. Bu il ümumiyyətlə Azərbaycanda məhsul az oldu",- satıcı vurğulayıb.
 
İsfəndiyar Məmmədov söyləyir ki, arıçılıq üçün ayrılan subsidiya onu qane etmir.
 


"Hər arı ailəsinə cəmi 10 manat yardım edilir. 200 arı ailəsinə görə ildə bir dəfə 2000 AZN alırıq. Bu da bizə sərf etmir. Düzdür, bu yardımın edilməsinin müəyyən köməkləri olur, amma daha çox yardım ayrılması şərtdir",- arıçı əlavə edib. 

Astarandan gələn arıçı Rəhimağa Hüseynov bu ilki bal yarımarkasında müştəri alışından razıdır.     


 
"130 arı ailəm var. Bu işlə demək olar ki, 50 ildir məşğulam. Arısız həyatımı təsəvvür edə bilmirəm. Arı saxlamaq mənim üçün hobbiyə çevrilib. Bu yarmarka təşkil olunandan bəri hər il iştirak edirəm. Həmişə də balım çox yaxşı satılıb. Müştərilərim yaxşıdır. 400 kiloqram bal gətirmişəm. Artıq bir bidon yarılamışam. Təqribən dünəndən bu günə 50 kilodan artıq satış etmişəm. Ayın 20-nə qədər satıb bitirəcəyimi  düşünürəm. Qiymətlər 25-40 arasıdır. Şükür dolanışığımız yaxşıdır. Arıçılıq bizdə ailə təsərrüfatıdır",- satıcı vurğulayıb.
 
Hüseynov düşünür ki, arıçılıq üçün ayrılan subsidiya az olsa da, birtəhər dolanır.
 


"Əvvəl dolanmaq daha çətin idi. İndi isə birtəhər vəziyyətdən çıxırıq. Əvvəllər yardım edilmirdi, amma indi şükür yaxşıdır, xərclərimizi ödəyə bilirik",- arıçı əlavə edib.
 
Alıcı Qoşqar Məmmədli hər il balını yarmarkadan aldığını deyir.
 
"Yarmarkadan aldığım bal xarlamır. Bu da təbii balın göstəricisidir. Ona görə də, hər il yarmarkadan alıram. Keyfiyyətli balın dadı azacıq boğazı yandırır. Alıb evdə saxlayanda isə xarlamır. Cəmi bir dəfə aldığım balın keyfiyyəti aşağı olub. Qiymətlər pis deyil. Hər büdcəyə uyğundur",- alıcı vurğulayıb.
 


Yarmarkada satış edən satıcılar yarmarkada bal bol olsa da, alıcı azlığından şikayətlənirlər.
 
Arıçı Müzadil Qənbərov söyləyir ki, gün ərzində cəmi 2 kiloqram bal satmışam.
 
"Səhərdən burdayam cəmi 2 kiloqram bal satmışam. Balımın keyfiyyətinə söz ola bilməz. Ötən ilə nisbətən bu il satış zəif gedir. Keçən il iki günə 10 kiloqram satmışdımsa,bu il heç 4 kiloqram sata bilməmişəm. Yəqin ki, müşətilərin az olması ilə əlaqəlidir. Ola bilər ki, hələ camaatın xəbəri yoxdur. Birazda gözləyək. Allah kərimdir...",- arıçı bildirib.
 


Arıçı Dilbazə Məmmədova düşünür ki, bu il yağışlı hava şəraiti olduğu üçün ümumiyyətlə respublikada məhsul az olub.

"Balakəndən gəlmişəm. 450 arı ailəm var. 45 ildir bu işlə məşğulam. Bu il respublikada ümumiyyətlə məhsul az oldu. Bu da havaların yağışlı keçməsi ilə əlaqəlidir. Ona görə də bu il balımız az oldu. Amma qiymətlərdə keçən ilə nisbətənən artım var… 30-35 manatdan satırıq. Ümid edirəm ki, yarmarkanın sonuna qədər satıb qurtararıq. İki gündə ümumilikdə 16 kiloqram bal satmışam. iki gün üçün bizi qane etmir təbii ki. Keçən ildən fərqli olaraq, bu il balın keyfiyyəti daha yüksəkdir. Bu il 4 dəfə arıların yerini dəyişmişik. Təmiz balı tanıyan alıcılar qiymətin münasib olduğunu düşünürlər.  Başı çıxmayanlar da qiymətin bahalığından şikayət edirlər",- satıcı əlavə edib.
 

 
Digər arıçı Fətəli Fərziyev də hesab edir ki, bu ilki satış zəifdir.
 
"Astaradan gəlirəm. Uşaqlıqdan bu işlə məşğulam. Yarmarkaya 350 kiloqrama yaxın bal gətirmişəm. Hələlik satış zəifdir. Qiymətlə bağlı narazılıqlar yoxdur. Ancaq alıcı azdır. Burda 250 satıcı var. Heç 500 nəfər bal almayıb. Bu gün isə cəmi bir nəfərə yarım kiloqram bal sata bilmişəm. 17-ci belə sərgidir ki, qatılıram. Bu il hələki yenidir. Müştərilərin çoxunun xəbəri yoxdur. Bakıda öz müştərilərim də var. Hər dəfə gəlib məndən alırlar.  Qiymətləri 25 manatdan başlayır 35 manata kimi. Qiymətləri çiçəyin növündən asılı olaraq dəyişir. Arılarımı bu il Kəlbəcərə aparmaq istədim. O da gec məlumatım oldu deyə, apara bilmədim. Növbəti illərdə aparacam. Hazırda 70 arı ailəm var.", o bildirib.
 

 
"Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov mətbuata açıqlamasında deyib ki, 2024-cü ildən etibarən arıçılıq təsərrüfatları olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiya verilməyəcək. 

"Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilirdi. Bu subsidiyalar 2019-cu ildən verilir. Subsidiya verilməmişdən əvvəl ökədə 320 min arı ailəsi var idi, hazırda arı ailələrinin sayı təqribən 600 minə çatıb. Ölkədə olan bütün arı ailələri kodlaşdırılıb və Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşüb. Həm subsidiyanın verilməsi, həm arı ailələrinin qeydiyyata düşməsi bir uğurdur. Lakin Azərbaycanda ana arı yetişdirilməsi və damazlıq işi aşağı səviyyədədir",- sədr bildirib.
 
Hazırda hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya pulu verilir. 
 
Dövlət Statistika Komitəsinin 2023-ci ilin 4 aylıq statistikasına görə Azərbaycana 72.52 min dollar dəyərində 14.46 ton təbii bal idxal edilib. Bu göstərici 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə dəyər ifadəsində 3.6 dəfə və ya 186.36 min dollar, həcm ifadəsində isə 3.8 dəfə və ya 39.88 ton azalıb.Hesabat dövründə Türkiyədən 43.91 min dollar dəyərində 10.17 ton, İrandan 6 min dollar dəyərində 2 ton, Almaniyadan isə 17.71 dollar dəyərində 1.53 ton təbii bal idxal edilib.
 
2022-ci ildə Azərbaycanda 7 445,9 ton bal istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur. Ötən il bal istehsalı 32 933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsinin hesabına olub.

Ötən il 22 min arı ailəsi azad edilmiş ərazilərə köçürülüb. Bu il isə 40 min arı ailəsi nəzərdə tutulub. Qarabağda gələcəkdə 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır.

2022-ci ildə  Azərbaycandan xarici ölkələrə 19 min ABŞ dolları dəyərində 0,74 ton təbii bal ixrac edilib. Azərbaycan təyin olunmayan ölkəyə 16,24 min ABŞ dolları dəyərində 0,62 ton,  Qətərə 1,5 min ABŞ dolları dəyərində 0,06 ton, İraqa 0,44 min ABŞ dolları dəyərində 0,04 ton, Yaponiyaya 0,43 min ABŞ dolları dəyərində 0,02 ton və Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.
 

 






 
 

İstiqamət: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd: Yazı Meidanın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb 
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM