Jurnalistlərin buraxılmadığı seçki məntəqələri açıqlanıb

15:17 | 07.02.2024
Jurnalistlərin buraxılmadığı seçki məntəqələri açıqlanıb

Jurnalistlərin buraxılmadığı seçki məntəqələri açıqlanıb

Səsvermə prosesini işıqlandırmaq üçün Yasamal rayonunun üçüncü seçki dairəsində Turan Xəbər Agentliyinin müxbirini 8, 13, 12  və 29 saylı  məntəqələrə buraxmayıblar. Bu barədə Turan agentliyi məlumat yayıb.  
 
Agentlik həmçinin qeyd edib ki, 29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu məntəqəsində jurnalistlərlər seçki məntəqəsinə buraxılmayıb. Bu zaman onların adlarının media reyestrində qeydiyyatlarının olmadığı əsas gətirilib.  
 
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli eyni problemin başqa  məntəqələrdə də qeydə alındığını söyləyib. Bununla bağlı o, şəxsi Facebook səhifəsində məlumat verib.  
 
"Bu gün bəzi seçki məntəqələrində jurnalistlərin çəkilişinə maneə yaradılıb və onlara "siz Media Reyestrində qeydiyyatda yoxsuz. Çəkiliş edə bilmərsiz" deyə bildirilib.  Bu tamamilə qanunsuz və qeyri-hüquqi davranışdır. Azərbaycanda Medianın Seçkidə iştirakı Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinin 40.8, və 43-cü maddələrində bu hüquq bütün KİV-lərə tanınıb. Ayrıca Seçkidə təməl prinsip şəffaflıq və aşikarlıqdır. Yəni seçki gizli, məxfi bir prosses deyil ki, onun gedişatının işıqlandırılmasına jurnalist buraxılmasın", - Məmmədli bildirib. 

Ekspert vurğulayır ki, yeni Media Qanunu hər nə qədər ziddiyyətli və məhdudlaşdırıcı olsa da onun bu seçkinin işıqlandırılmasına müdaxilə imkanı yoxdur.

"Qanunvericilik media subyektini o zaman tanımır ki, onun fəaliyyəti Media Agentliyi tərəfindən reyestirdən keçmədiyinə görə mübahisələndirilsin və məhkəmə tərəfindən dayandırılmış olsun. Haqqında məhkəmə qərarı olmayan, praktik fəaliyyət göstərən heç bir media subyektinin jurnalistinə məntəqələrdə giriş və çəkiliş qadağan oluna bilməz. Azərbaycan Konstitusiyasının 71.9 maddəsinin tələbinə görə "hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər”. Yəni heç bir qanun və məcəllə seçki prossesini yalnız reyestirdən keçən media nümayəndələri izləyə bilər deyə tələb qoymayıb. Belə olsaydı gərək onlarla beynəlxalq media təmsilçiləri də Reyestirdən keçmədiklərinə görə informasiya toplamayardılar. MSK-ya səslənirəm, dərhal bütün DSK-lara və Məntəqələrə izah edin, qanunsuz məhdudiyyətlər gətirməsinlər. Seçkilər şəffaf prossesdir. Ona kölgə salmasınlar", - əlavə edib.
 
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli isə yerli jurnalistlərin  seçkiyə buraxılmasına hər hansı maeə yaradılmadığını bildirib. 

Məsələ ilə bağlı verdiyi açıqlamada MEDİA  bildirib ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmamalıdır.  
 
"Səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib. Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - açıqlamada qeyd olunub.
 
Mətbuat Şurası səsvermə ilə bağlı saat 12-yə olan məlumata görə jurnalistlərdən hər hansı şikayət daxil olmadığını açıqlayıb. 
 
Bildirilib ki, Mətbuat Şurasının "qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
 
Azərbaycanda prezident seçkilərində 109 beynəlxalq media qurumunun iştirak edəcəyi təsdiqlənib. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM