Binəqədi rayonunda “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib

15:30 | 16.03.2017
Binəqədi rayonunda “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib

Binəqədi rayonunda “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib

"İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə "İslam ölkələrinin həmrəylik festivalı” keçirilib.
 
Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları  Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
İlk öncə ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. Duz-çörəklə qarşılanan qonaqları Şərq ədəbiyyatının dahi, mütəfəkkir şairləri Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, Yunis Əmrənin obrazları salamlayıblar.
 
Hər ölkə üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə islam ölkələrinin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilib. İslam dünyasının çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub.
        
Sonra qonaqlar Azərbaycan çadırına təşrif buyuraraq, Odlar Yurdu Azərbaycanın çox əsirlik qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələri ilə tanış olublar. Azərbaycan çadırında qonaqlara Şərq rəqsi, "Novruz gəlir” mahnısı, Yallı rəqs nümunələri göstərilib və qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.
 
Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan Həmrəylik festivalı sakinlər tərəfindən böyük maraqla qarşılanıb. "İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən Novruz festivalı şənliyin əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, təqdim olunan bayram əhval-ruhiyyəli təqdimatlar sakinlərdə xoş ovqat yaradıb. Bayram tədbirinin yekununda İslam ölkələrinin adları əks olunmuş şarlar havaya uçurulub və atəşfəşanlıqla yekunlaşıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM