“Bir kanaldan digərinə keçən bəzi insanlar qisasçılıq yolu tutublar”

20:03 | 25.05.2015
“Bir kanaldan digərinə keçən bəzi insanlar qisasçılıq yolu tutublar”

“Bir kanaldan digərinə keçən bəzi insanlar qisasçılıq yolu tutublar”

Qafar Cəbiyev: "Bəzi telekanalların reytinq naminə baş vermiş faciəni özlərinin təbliğatına çevirmək cəhdləri açıq şəkildə hiss olunub”

"Təəssüflər olsun ki, bəzi media qurumları Binəqədi rayonundakı faciə zamanı özünü kifayət qədər təmkinli apara bilmədi. Doğrudur, əksər teleradio yayımçısı cəmiyyətə dəqiq və operativ informasiya çatdırmaq məqsədi ilə hətta efir səbətində təcili dəyişikliklər etdi. Əslində belə də olmalı idi. Çünki televiziya və radiolarda çalışanlar da, onların xidmət etdikləri auditoriya da, nəhayət faciəyə düçar insanlar da bu xalqın övladlarıdır".

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, bəzi telekanalların reytinq naminə baş vermiş hadisəni özlərinin təbliğatına çevirmək cəhdləri də açıq şəkildə hiss olunub: "Belə hallara heç nə ilə bəraət qazandırmaq olmaz. Nəzərə almaq lazımdır ki, tamaşaçı və dinləyici özü hansı televiziya və ya radionun verilişlərinin daha yaxşı olduğunu, hansı aparıcının daha peşəkar və ya qeyri-peşəkar olduğunu hər kəsdən daha yaxşı bilir”.

Q. Cəbiyev iş yerini dəyişərək bir kanaldan başqa kanala keçən bəzi insanların yaradıcılıqla məşğul olmaq əvəzinə, daha çox qisasçılıq yolu tutduğunu söyləyib: "Faciə ilə üz-üzə qalan insanları xilas edən, bunun üçün həyatını təhlükəyə atan neçə-neçə fədakar insan olub. Yaxşı olardı ki, media ekstremal şəraitdə qəhrəmanlıq göstərmiş insanları cəmiyyətə təqdim etsin. Təəssüf ki, əlində mikrofon və ya kamera olan insanlardan bəziləri tez çaşır, hədlərini aşır, onlar üçün yaradılmış efir imkanlarından sui-istifadə edərək yetənə yetir, yetmədiyinə də daş atır. Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, teleradio yayımı fəaliyyəti sahəsində də azad və sərbəst fəaliyyət üçün hər cür imkanlar yaradıb. Ölkədə çoxsaylı televiziya və radio kanalları, müstəqil internet televiziyası fəaliyyət göstərir. Amma azadlıq, sərbəstlik bütün sahələrdə olduğu kimi, teleradio fəaliyyəti sahəsində də anarxiya, özbaşınalıq, avantürizm, özündən müştəbehlik və qisasçılığa gətirib çıxarmamalıdır. Mikrofon və ya kamera ilə işləyən hər kəs bu məsuliyyəti hiss etməlidir. Son zamanlar teleradio fəaliyyəti sahəsində müşahidə olunan kadr axıcılığı ilə bağlı müşayiət olunan xoşagəlməz bir tendensiya da çox ciddi narahatlıq yaradır. Hansısa səbəblər ucbatından iş yerini dəyişərək bir kanaldan başqa kanala keçən bəzi insanlar həyatlarının, yaradıcı fəaliyyətlərinin yeni və daha maraqlı səhifələrini yaratmaq əvəzinə, daha çox qisasçılıq yolu tuturlar. Ola bilsin ki, onları nə zamansa, kimlərsə incik salıb. Amma iki insan arasındakı inciklik iki telekanal arasındakı intriqa üçün əsas ola bilməz və olmamalıdır”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM