Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşdi

13:32 | 02.11.2017
Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşdi

Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşdi

Oktyabrda respublikada ekzogen – geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib.

Anews.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, atmosfer yağıntıları və texnogen amillərin təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub.

Onun sözlərinə görə, təbii amillərin təsirindən Masazır sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: "Masazır qəsəbəsi "Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə - uçqun prosesində aktivlik baş verib. Atmosfer yağıntılarının və texnogen amillərin təsirindən isə Nubar qəsəbəsində sürüşmə - çökmə prosesi aktivləşib”.

Ekspedisiya rəisi bildirib ki, Astarada Deqədi – Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik baş verib və yolboyu bir neçə yerdə uçqun hadisəsi müşahidə olunub: "Atmosfer yağıntılarının təsirindən Lənkəran-Lerik yolunun 17-19-cu və 45-47-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik qeydə alınıb və yolboyu yamaclarda yeni lokal sürüşmə sahələri yaranıb. Lerik – Qosmalyan – Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində isə uçqun hadisəsi aktivləşib. Atmosfer yağıntılarının təsirindən Masallıda Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb. Eyni zamanda, Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub, yolboyu yamacda yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Ə. Qaralov Siyəzəndə Sədan sürüşmə sahəsində aktivliyin qeydə alındığını vurğulayıb: "Şabranda Qazbabalı sürüşmə sahəsində də aktivlik davam edir. Bundan başqa, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib və bir neçə yerdə uçqun-töküntü hadisəsi baş verib. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub, yolboyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.

Nazirlik rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində çatların ölçüləri artıb, sahədə aktivlik müşahidə olunur və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: "Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib və nəticədə uçqun-töküntü hadisələri baş verib. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri yaranıb. Şamaxıda Dədəgünəş və Muğanlı, Ağsuda Sanqalan sürüşmə sahələrində də aktivlik qeydə alınıb”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM