Bizə xarici düşmən lazım deyil, özümüzünkülər bəs edir

10:35 | 06.03.2015
Bizə xarici düşmən lazım deyil, özümüzünkülər bəs edir

Bizə xarici düşmən lazım deyil, özümüzünkülər bəs edir

Rüstəm Qasımov

Bizim cəmiyyət üçün bu ifadəni istifadə edib-etməməklə bağlı çox düşünmüşəm. Hazırda biz cəmiyyətimizdə mədəni dəyərlərin deqredasiyasını və maddi maraqların ön plana çıxmasını müşahidə edirik. Bütün bu proses xalqın ağlını dumanlandırır və onun şüuruna dərin kök salır.  Ən təhlükəli məqam odur ki, il keçdikcə bu proses daha kəskin forma alır. Ölkəmizdə baş verən son hadisəni analiz etdikdən sonra bu fikirə daha çox inanmağa başladım.

Manatın devalvasiyasından başlayım

ABŞ-ın Rusiya ilə münasibətlərini müəyyən etməsi fonunda, sanksiyaların tətbiqi, neft qiymətlərinin aşağı düşməsi, rublun devalvasiyası bizim ölkəni məcbur etdi ki, manatın kursunu 34% aşağı salmaqla mövcud durumu düzəltsin. Bu xəbər, hər bir azərbaycanlıda şok effekti yaratdı. Belə ki, insanlar qara günlər üçün manatla pul toplamış, bəzisi isə ABŞ dolları ilə bankalara kreditə girmişdilər. İnsanlar sanki iki kateqoriyaya bölünmüşdü: manatı dollarla dəyişə bilənlərə və şəhərdə yaranmış çaşqınlıqla bağlı və ya digər səbəblərə görə bunu edə bilməyənlərə.  

Amma əgər manatın düşməsi qiymətlərin sürətli bahalaşmasına – ərzaq mağazalarından tutmuş, böyük supermarketlər və elektrotexnika, maşın salonlarına kimi - səbəb olmasa idi, durum o qədər də acınacaqlı olmazdı. Məhsulların qiymətini qaldırasan amma idxal olunan məhsulları köhnə qiymətlərlə satışa çıxarasan... elə şey olar! Maraqlı burasında idi ki, yerli məhsulların qiyməti idxal məhsulları ilə birgə bahalaşmağa başladı.

ANN TV-nin Təzə bazar və Yaşıl bazar da keçirdiyi son sorğudan  məlum oldu ki, qiymətlərin bahalaşması meyvə-tərəvəzdə də olub. Amma əslində bu məhsullarda artım olmamalı idi. Ölkəyə xaricdən gətirilən və dollarla alınan meyvə-tərəvəz məhsullarının qiymətinin bahalaşması başa düşüləndir.  Amma yerli-meyvə tərəvəzin qiymətini necə bahalaşdırmaq olar axı? Azərbaycanda yanacağın qiymətini qalxanda, həmin vaxt nəqliyyat xərclərinin artmasına görə məhsulların da qiyməti qalxdı. Amma bu anlaşılan səbəb idi və bahalaşma da çox olmadı.
İnsanlar ciddi narazılıq edirdilər. Onu da qeyd edim ki, bazarda alver edənlərin əksəriyyəti spekulyant idi. Onlar məhsulları baha qiymətə aldıqlarını əsas gətirirdilər və bundan da narazı idilər. Məhsulların qiymətinin qalxması, onların rəflərdə qalmasına səbəb olmuşdu çünki insanların alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Razılaşın ki, dünənki qiymətindən iki dəfə artıq bahalaşan məhsulu heç kim almaq istəməz.   

Xəbərlərdən və səs-küylü başlıqlardan topladıqlarımız


Sənaye və İqtisadiyyat nazirliyi, ölkə boyu qiymətlərin süni artırılması ilə bağlı bazarlara nəzarət edir və tədbirlər görür. Sənaye və İqtisadiyyat nazirliyinin tabeliyində olan istehlakçıların hüquqlarının müdafiəsi və anti-manopoliya xidməti bir  daha xəbərdarlıq edir ki, qiymətləri süni şəkildə qaldıran obyektlərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək. "Nazirlik süni qiymət qaldıran daha bir şirkəti cəzalandırdı”. "Daha bir mağaza sahibi cəzalandırıldı”.  

Amma səs-küylü başlıqlar bir çox mağaza sahibləri üçün dərs olmadı. Qeyd etmək yerinə düşər ki, bəzi böyük supermarketlər bəzi fırıldaqlara atdılar. Belə ki, rəflərdə məhsullar köhnə qiymətlərlə olsa da, kassir məhsulları yeni qiymətlərlə hesablayırdı.  Bir çox hallarda, bu məhsullar içərisində diş pastası, makaron, pendir və s. üstünlük təşkil edirdi. Həmin gün bir çox supermarketlər bağlandı və bəzilərində insanlar oradan məcburi çıxarılırdı. Yəqin ki, köhnə qiymətləri yeniləri ilə əvəz etdikləri üçün bunu edirdilər. Bəzi siqaretlərin qiymətləri isə lap çox bahalaşdı.   

Köhnə kursla alınan məhsulu necə bahalaşdırmaq olar axı? Görəsən, nə üçün bizim vətəndaşlar varlanmaq üçün digərlərini acınacaqlı duruma salmağa çalışırlar? Bəs birlik harada qaldı? Humanizm? Doğrudanmı, insanlarımızda insanlıq daha qalmayıb? Möhtəkirlik nə üçün sağlam ağla qalib gəldi? Doğurdanmı, öz vətəndaşının bədbəxtliyi üzərində xoşbəxtçilik qurmaq bu qədər rahatdır? Necə deyərlər, başqasının bədbəxtliyi üzərində  xoşbəxtlik qurmaq mümkün olmur!  

Dərmanların qiyməti bahalaşdırıldı


Həmin gün xəstələnən insanlar üçün durum daha da pis oldu. İndi yaşamaq bahadırsa, xəstələnmək iki dəfə bahadır. Köhnə qiymətlərlə alınan dərmanların qiyməti dərhal qalxdı. Ona görə də, həmin vaxt xəstələnən və ya indi də xəstəliyi ilə bağlı bahalı dərmanlara ehtiyacı olan insanların durum daha da pisləşdi.  Mən, bir ay öz pensiyası ilə yaşamağa çalışan pensiyaçıları hələ demirəm.

Maşın salonlarında qiymət

Yeni maşınların qiyməti dərhal qalxdı. Amma heç kimin yadına düşmədi ki, kreditin alınması şərtlərinin sərtləşməsindən sonra maşın alanların sayı bir xeyli azalmışdı və hətta bir çox modellərə alıcı tapmaq üçün qiymətlər daha da ucuzlaşdırılmışdı. Amma buna baxmayaraq, həmin maşınların qiyməti həmin gün də qalxdı. İndi çətin ki, kimsə gedib onları alsın. Ən maraqlısı odur ki, maşınların salonlarda qalacağı heç kimi narahat etmir. Dillerlər hesab edir ki, maşının satılmasındansa, salonda qalması yaxşıdır.  Dolların  köhnə kursu ilə alınan maşınların qiymətinin qalxmasını, hələ də, heç kim başa düşməyib.  

Mənzillərin qiyməti də özünü çox gözlətmədi

Mənzillərin qiyməti də özünü çox gözlətmədi və dərhal qalxdı. 60 min manatlıq ev 100 min oldu. Aya 300-500 manat qazanan adamın 100 minlik evi necə ala bilməsi sirr olaraq qalır. Maraqlıdır, görəsən onun bu evi alması üçün neçə ömür yaşamalıdır?  Evlərin qiymətləri niyə bahalaşdı, hələ də anlaşılmır. Onsuz da, yeni tikilmiş binalarda evlərin çox boşdur çünki qiymətləri çox bahadır. Həmin binalarda evlər köhnə kursla və çoxdan tikiblər. Buna baxmayaraq qiymətlər bahalaşdı!

İcarələrin qiyməti qalxdı  

Onu da qeyd edək ki, yuxarıda göstərilən məhsulların və evlərin qiyməti ilə paralel, bəzi ofis üçün istifadə edilən binalarda icarə haqqı qalxdı. Şirkətlər bundan çox narazıdır. Manatın kursunun ucuzlaşmasının icarə qiymətinin qalxmasına təsirini anlamaq çətindir.

Sonuncu damla


Sumqayıtdan Bakıya işə gələrkən belə bir hadisə ilə qarşılaşdım. Qeyd edim ki, səhər vaxtları Sumqayıt vağzalında avtobuslarla bağlı durum ürək açan deyil. Pik vaxtlarda avtobuslar çatışmır və sən işə gecikməmək üçün yer uğrunda əsl döyüşə girməli olursan.  Keçən həftə cəmi iki avtobus gəldi və mən onların heç birinə girə bilmədim. Bu durum şərq bazarını xatırladırdı.

Buna görə, mən yan tərəfdə olan taksi sürücüsünə yaxınlaşdım. Amma ondan eşitdiklərimə inana bilmədim. Əvvəl bir manat olan qiymət iki dəfə artmışdı. İnsanların çoxluğu və avtobusların olmamasını görən taksi sürücüsü mövcud durumdan istifadə etməyə çalışırdı. Bu ikiüzlü taksi sürücüsündə ən çox gülüş doğuran isə, onun özünə haqq qazandırmaq üçün dedikləri id:  "Bu insanları niyə heç kim düşünmür? Xalqı unudublar. Axı hamı işə-gücə tələsir, tələbələr isə dərsə getməlidir. Onları niyə heç kim düşünmür?” Doğurdan da, avtobusun azlığına görə  insanlar yol boyu dayanmışdı.   

Taksi sürücüsü özünə haqq qazandırmaq üçün başqa sürücülərin qiyməti beş manat etdiyini, amma özü "vicdanlı” oldğu üçün iki manat istədiyini dedi. Amma buna qədər bir manat deyirdi. İnsan həyasızlığının sərhəd tanımadığına mən həmin gün şahidlik etdim. Yağış və qar yağan kimi bundan istifadə edən taksi sürücüləri qiymətləri dərhal bahalaşdırır. İnsanların çıxılmaz vəziyyətindən istifadə edən bu sürücülər insanları aldadırlar. "Biz düşmən lazım deyil, içimizdə onlardan boldur” ifadəsi bu anlarda lap yerinə düşür. Mən yalnız taksi sürücülərini nəzərdə tutmuram, ümumiyyətlə digər azərbaycanlının belindən pul qazanan möhtəkirləri nəzərdə tuturam. Bura manatın düşməsindən sonra qiymətləri qaldıran bütün insanları aid etmək olar.

Bu kimi ağır durumlarda bir-birinə kömək olmaq, bir-birini dəstəkləmək, çıxılmaz duruma düşən insanlara kömək əli uzatmaq yerinə, bizim bəzi vətəndaşlar qiymətləri bahalaşdıraraq bundan istifadə etməyə çalışırlar. Doğurdanmı, pul onların vicdanından üstündür? Mən axı bunları nə deyirəm ki? Bu insanlar başqalarının düşdüyü durumdan pul qazanma imkanların görən kimi, gözlərində dollar işarəsi işıqlanır. İnsanı ən çox üzən isə odur ki, bu kimi hərəkətlər kütləviləşir və adət şəkilini almağa başlayır. Bunun nəticəsində bütün mənəvi zənginlik məhv olur əvəzində maddiyyat qalib gəlir.

Düşmən axtarmağa ehtiyac yoxdur, onlar bizim aramızdadır...
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM