“Bizim xahişimizə ehtiyac qalmadı, prezident özü göstəriş verdi…”

14:55 | 19.11.2019
“Bizim xahişimizə ehtiyac qalmadı, prezident özü göstəriş verdi…”

“Bizim xahişimizə ehtiyac qalmadı, prezident özü göstəriş verdi…”

…Yolumuz yenə Balaxanıyadır. Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin tapşırığı ilə Bakının qədim və son zamanlara qədər neft gölməçələri, zibil poliqonu ilə bərbad vəziyyətdə olan bu qəsəbəsində hazırda abadlıq işləri aparılır. Kommunikasiya xəttləri yenilənir, qəzalı vəziyyətdə olan evlərin dam örtükləri, eyvanları, qapı-pəncərələri dəyişdirilir, sosial obyektlərdə bərpa-tikinti aparılır, yollar, küçələr, parklar abadlaşdırılır. Eyni zamanda, Balaxanının ən böyük məscidi, o cümlədən, qəbirstanlığın da bərpasına, abadlaşdırılmasına başlanılıb.

Virtualaz.org saytının əməkdaşları bu dəfə qəbiristanlıq və məsciddə  aparılan abadlıq işləri ilə maraqlanıblar. Sakinlər deyirlər ki, uzun illərdir həm qəbiristanlıq, həm məscid baxımsız qalmışdı. Məscidin dam örtüyü sıradan çıxmışdı, yağış yağan kimi içərini su basırdı. Qəbiristanlıq da baxımsızlıqdan xarabalığı xatırladırdı... 

Qədim qəbiristanlıq, küp qəbirlər
Qəsəbənin kənarında, hündür qayanın üzərində yerləşən Balaxanı qəbiristanlığı tarixilik baxımından abidələrdən geri qalmır. Sakinlər deyirlər ki, qəbirstanlıqda  XIV əsrə aid küp qəbirlər də var. "Son bir neçə ildə qəbirstanlığın ərazisi böyüdü, böyüdükcə də problemlər yarandı. Qəbiristanlığın kərpicdən hörülmüş hasarı baxımsızlıqdan uçub-dağıldı,  köhnə və yeni qəbirlər bir-birinə qarışdı”,-bələdçimiz məlumat verir.
Amma indi köhnə, uçub-dağılmış hasar sökülür, yerinə yenisi hörülür. Qəbiristanlığa gedən torpaq yola daş döşənib ki, məzarları asanlıqla ziyarət etmək mümkün olsun. Qəbiristanlıqda eniş-yoxuşun rahat olması üçün üçün yeni pilləkənlər tikilib. Məzarların ətrafı abadlaşdırılandan sonra güllər, ağaclar əkilir.
"Baxın, yazda-payızda bura dizə qədər palçıq olurdu. İndi daş döşəyiblər, pilləkən qoyublar, işimizi asanlaşdırıblar”,-sakinlərdən biri deyir və hasar hörən ustalara kömək etməyə tələsir.

Qəbirstanlıqda tarixi abidə
Qəbiristanlıqda 1427-ci ilə aid Şeyx Şakir  türbəsi və 1385-ci ilə aid Hacı Şəhla türbəsi də var. Rəsmi mənbələrdə Hacı Şəhla türbəsinin memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi qeyd edilib. Bir qədər aralıda yerləşən Şakir Ağa türbəsi isə memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur. Türbənin tağlı giriş qapısının üstündə ərəbcə 2 sətirlik kitabə var ki, mətni belə oxunur: "Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn mərhum Mürtəza əmr etmişdir. Hicri təqvimi ilə səkkiz yüz otuz birinci il”.
Kənd sakinləri memarlıq və tarixi baxımdan qiymətli hesab edilən türbələrin baxımsızlıqdan uçub-dağılacağından narahat olublar. Amma hazırda həm  Şeyx Şakir, həm də Hacı Şəhla türbələri restavrasiya olunub.

Hər iki türbənin divarındakı dəliklər diqqətimizi cəlb edir. Bələdçimiz olan kənd sakini deyir ki, bunlar 1905-ci ildə ermənilərin qəsəbədə törətdiklərki cinayətlərin izləridir: "Dədə-babalarımızdan eşitmişik ki, burada döyüşlər olub. Həmin güllələr də o vaxtlardan qalıb”,-bələdçimiz əlavə edib.
Məscidlə bağlı müraciət ediləcəkmiş...

Qəsəbə sakinləri uzun illərdir təmir edilməyən "Cümə” məscidinin yaxın vaxtlarda  bərpa  olunacağı xəbərindən məmnundular. Sakinlərdən Həsən Hüseynov deyib ki, hər yağış yağanda daman, uçulub-tökülən məscid kəndin əsas dini məbədi olduğundan, əhali kütləvi dini ayinləri icra etmək üçün bura toplaşır: "İstəyirdik məktub yazıb məscidin təmiri üçün yardım istəyək. Amma gərək qalmadı, prezidentin tapşırığı ilə məscid bəpa ediləcək”.
"Cümə” məscidinin axundu Hacı Bəxtiyar da məscidin təmir olunacağını səbirsizliklə gözləyir. Onun sözlərinə görə,  məscid 1875-ci ildə inşa olunub. Sovetlər dönəmində binada dəyişiklik edərək onu mədəniyyət evinə çeviriblər. Sonradan qəsəbə sakinlərinin müraciəti ilə məscid kimi yenidən dindarların ixtiyarına verilib, amma bu dəfə də əsaslı təmir üçün vəsait tapa bilməyiblər.

Məscidin həyətinə daş pilitələr döşənib. İbadət edilən hissəsinin arakəsməsi milli ornamentlərə uyğun taxta şəbəkə ilə, mehrab isə nəbati ornamentlərlə bəzədilib, üzərində səkkizguşəli ulduzlar işlənilib. Əsas ibadət zalının divarlarında "əl-Fatihə” və "əl-Bəqərə” surələrindən ayələr həkk olunub. Axund onu da deyib ki, bərpa işləri zamanı məscidin əvvəlki görkəmi qorunub saxlanılacaq.

"Məsciddə eyni zamanda 300 nəfər ibadət edə bilir. Qəsəbədə ən böyük məscid budur. İnşallah, yaxın günlərdə burada abadlıq işləri görüləcək, əsaslı təmir işləri aparılacaq”,-bələdçimiz deyir.

Bir mühüm məqamı da qeyd etmək gərəkdir ki, Balaxanıda aparılan genişmiqyaslı abadlıq işləri yerli sakinlərin maddi vəziyyətinə də birbaşa təsir edir. Çünki abadlıq işləri üçün çoxsaylı qəsəbə sakinləri muzdlu işə cəlb edilib, onlar həm qəsəbələrinin abadlaşmasında birbaşa iştirak edir, həm zəhmətləri ilə pul qazanıb ailələrinin dolanışığına dəstək verirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti