BMT Baş Katibi Nobel Sülh Mükafatını ala bilər

18:09 | 03.10.2024
BMT Baş Katibi Nobel Sülh Mükafatını ala bilər

BMT Baş Katibi Nobel Sülh Mükafatını ala bilər

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İş Təşkilatı (BAPOR), BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin baş katibi Antoniu Quterreş bu il Nobel Sülh Mükafatını ala bilərlər. Bu barədə Reuters agentliyi ekspertlərə istinadən məlumat yayıb.


Agentliyin müsahiblərinin qeyd etdiyinə görə, BAPOR Yaxın Şərqdəki gərginlik fonunda xüsusilə əhəmiyyətli olub. Bununla belə, bir sıra dövlətlər bu təşkilatın bəzi əməkdaşlarının radikal Fələstin hərəkatı HAMAS-la əlaqələrindən şübhələndikdən sonra maliyyələşdirməni dayandırıblar.


Reuters-in qeyd etdiyi kimi, BMT-ni və onun baş katibini, İsraildə persona non-qrata elan edilən Quterreşi, eləcə də Beynəlxalq Ədalət Məhkəməsini mükafata layiq görmək istəyi, İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq dünya nizamının qorunmasının vacibliyini vurğulamaq cəhdi ola bilər. Bununla belə, Reuters bu il Nobel Sülh Mükafatının heç kimə verilməməsinin mümkünlüyünü də istisna etmir.


Agentliyin məlumatına görə, bu il sülh mükafatı üçün 286 namizəd irəli sürülüb. BAPOR, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi və Quterreşdən başqa, namizədlər arasında Roma Papası Fransisk və britaniyalı təbiətşünas Devid Attenboro da var. Reuters yazır ki, nəticələr 11 oktyabrda açıqlanacaq və "tamamilə gözlənilməz ola bilər”.


Mükafat və namizədlər haqqında


Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə təqdim olunub. Elə illər olub ki, bu nominasiyada qalib açıqlanmayıb, sonuncu dəfə bu, 1972-ci ildə baş verib. Buna səbəb Birinci və İkinci Dünya Müharibələri, komitə üzvləri arasındakı ziddiyyətlər və "layiqli namizədlərin olmaması" olub.


Ənənəyə görə, namizədlərin tam siyahısı ciddi şəkildə gizli saxlanılır və mükafatın təqdim olunmasından 50 il sonra açıqlana bilər. Buna baxmayaraq, hər il namizədlərin təqdim edilməsi ilə bağlı məlumatlar bu hüquqa malik təşkilat və ya şəxslər tərəfindən KİV-ə sızdırılır. Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və hazırkı üzvləri və məsləhətçiləri, əvvəlki illərin sülh mükafatı laureatları, milli parlament üzvləri və tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.


Nobel Sülh Mükafatına namizədləri suveren dövlətlərin parlament üzvləri, hökumət rəhbərləri və üzvləri, Norveç Nobel Komitəsinin keçmiş və hazırkı üzvləri və məsləhətçiləri, keçmiş sülh mükafatı laureatları və ya laureat təşkilatların idarə heyətinin üzvləri, ictimai elmlər, tarix, fəlsəfə, hüquq, dinşünaslıq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları, fəxri professorlar və dosentlər, universitet rektorları və ya oxşar vəzifələrdə olan şəxslər, həmçinin xarici siyasət və sülh problemləri üzrə araşdırma institutlarının rəhbərləri təqdim edə bilərlər.

 

Bundan əlavə, bu hüquqa Haaqadakı BMT Beynəlxalq Ədalət Məhkəməsi və Daimi Arbitraj Məhkəməsinin üzvləri, Beynəlxalq Hüquq İnstitutunun üzvləri və Beynəlxalq Qadınlar Birliyi sülh və azadlıq uğrunda təşkilatının üzvləri malikdir.

 

Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM