BMT-nin xüsusi məruzəçisi Azərbaycandakı müşahidələrinin nəticələrini açıqladı

17:11 | 05.12.2013
BMT-nin xüsusi məruzəçisi Azərbaycandakı müşahidələrinin nəticələrini açıqladı

BMT-nin xüsusi məruzəçisi Azərbaycandakı müşahidələrinin nəticələrini açıqladı

Bu gün BMT-nin qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Raşida Mancu Azərbaycandakı 10 günlük missiyasının nəticələrini ictimaiyyətə açıqlayıb.APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı nümayəndəliyinin ofisində təşkil olunan mətbuat konfransında R.Mancu bildirib ki, ölkədə qadınlara qarşı zorakılıq məsələsini tədqiq etmək, hesabat hazırlamaq üçün 25 noyabr – 5 dekabr tarixlərində ölkədə olub. Azərbaycana ilk dəfə səfər edən R.Mancu qeyd edib ki, 10 gün davam edən səfər müddətində Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində hökumət nümayəndələri ilə görüşüb, vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gəlib: “Azərbaycanda bərabər və ayrı-seçkiliksiz mühitin, o cümlədən qadınlar üçün təmin edilməsi qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bəzi spesifik addımlar atılıb. Azərbaycan genderin əsas planlara daxil edilməsinə və insan hüquqlarına dair bir sıra siyasətlər qəbul edib”.R.Mancu qeyd edib ki, missiya zamanı müsahiblərin əksəriyyəti Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının geniş yayıldığını etiraf etsə də, bunun həqiqi dərəcəsini qiymətləndirmək çox çətindir. Onun sözlərinə görə, bu isə ayrı-ayrı sahələr üzrə məlumatların olmaması, mövcud məlumatların etibarlılığı ilə bağlı problemlər, qadınlara qarşı zorakılıq halları ilə bağlı müvafiq qurumlara yetərincə məruzə edilməməsi, bu hallara dair müxtəlif nümunələrin monitorinq edilməsi üçün mərkəzləşdirilmiş məlumat sisteminin yoxluğu və digər səbəblərlə əlaqədardır. R.Mancu səfərinin yekunları ilə bağlı hazırlayacağı hesabatda qeyd edəcəyi çətinlikləri açıqlayıb. Bildirib ki, bunlara dövlət orqanları tərəfindən qadınlara qarşı zorakılıqla qeyri-müvafiq mübarizə, ailələrə dəstək mərkəzlərinin fəaliyyətsizliyi, qadınlara qarşı zorakılıq, erkən evliliklər və ya digər məsələlərlə yanaşı boşanma hallarına dair qanunların effektiv icra mexanizmlərinin olmaması, hər bir nazirlikdə gender mövzusunda xidmət göstərə biləcək ayrıca məsul şəxsin təyin edilməməsi, Azərbaycan qadınlarının şəxsi, sosial, iqtisadi və siyasi azadlıqlarını məhdudlaşdırmaqda davam edən ənənəvi gender rolları və stereotiplərin aradan qaldırılmasına yardım edə biləcək cəmiyyət transformasiyası istiqamətində göstərilən cəhdlərin məhdudluğu daxildir. Qeyd olunub ki, bundan əlavə, qadınların ədliyyədən istifadə və hüquqlarının pozulması baxımından ədalətlə yanaşılmaq sarıdan məhdudiyyətləri çoxdur: “Eyni zamanda müşahidə etdim ki, ünvanlı sosial yardım və digər yardım mexanizmləri də daxil olmaqla əmək və sosial müdafiə sahəsində göstərilən cəhdlərə baxmayaraq, sosial təminat sistemi qaydasında deyil. Bu isə məsələn, kənd təsərrüfatı və məişət işləri kimi qeyri-rəsmi sektor işlərində çalışan qadınlar üçün qeyri-bərabər təsirə malikdir”. R.Mancu yekunda bu günədək əldə edilmiş nailiyyətlərə görə Azərbaycan hökumətini bir daha təqdir edib və qadınlara qarşı zorakılıq məsələlərinin həllində daha əsaslı və mərkəzləşdirilmiş yanaşma tətbiq etməsini təklif edib.Qeyd edək ki, BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun missiyasının nəticələri 2014-cü ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatda öz əksini tapacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb