BMT-nin yaranmasından 70 il keçir

12:27 | 24.10.2015
BMT-nin yaranmasından 70 il keçir

BMT-nin yaranmasından 70 il keçir

Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının yaranmasının 70 ili tamam olur.

Hazırda 193 ölkənin üzv olduğu BMT 1945-ci ildə yaradılıb. Müstəqil dövlətlərdən yalnız Vatikanın üzv olmadığı BMT İkinci Dünya müharibəsindən sonra beynəlxalq sülhün, təhlükəsizliyin qorunub saxlanılması, xalqlar arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.

Təşkilatın Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hər il oktyabrın 24-ü BMT Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası BMT-yə 1992-ci il martın 2-də üzv qəbul edilib. Ölkəmiz BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Dünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu və digər bir sıra xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir.

Azərbaycan-BMT əməkdaşlığında Dağlıq Qarabağ münaqişəsi xüsusi əhəmiyyət kəsb edir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ulu öndər Heydər Əliyevin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların gündəliyinə salınması bu qurumlarla Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə paralel aparılırdı. Bu illər ərzində Azərbaycan BMT-nin bir çox konvensiyalarına qoşuldu, beynəlxalq hüququn milli maraqlara uyğun gələn tələbələrini yerinə yetirməklə bağlı öhdəlik götürdü.

1994-cü ildən BMT ilə Azərbaycan arasında yaranan əməkdaşlıq sayəsində dünya birliyi Dağlıq Qarabağ münaqişəsi haqqında geniş və obyektiv məlumat ala bildi. Bir il sonra BMT-nin 50 illik yubiley tədbirlərinə qatılan Ulu Öndər Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin əsas götürülməsinin vacib olduğunu dedi. 1996-cı ildə BMT Baş Məclisi ATƏT ilə əməkdaşlığa dair qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini təsdiqlədi. 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edildi. 2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dövlətin rəhbərlərinin iştirak etdiyi bu ümumdünya tədbirində nitq söylədi. Ermənistanın Azərbaycana hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsi yenə də Prezident Heydər Əliyevin çıxışının əsas mövzusu oldu.

2003-cü ilin sentyabrından BMT-Azərbaycan əməkdaşlığında yeni mərhələ başladı. 2006-cı ildə isə BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul etdi. 2008-ci ilin martında BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə qəbul edildi. Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətməsindən ciddi narahatlıq keçirən qurum Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiqlədi. 2010-cu ilin sentyabrında Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Baş Məclisin 65-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında davam edən silahlı münaqişənin beynəlxalq və regional sülhə böyük təhlükə olduğunu qeyd etdi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən yerinə yertirilmədiyini bildirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət konsepsiyası bu gün ölkəmizin uğurlarını şərtləndirən amillər sırasındadır.

Xarici siyasətinin ən böyük uğurunu 2011-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına üzv seçilməklə qazanan Azərbaycan Prezident İlham Əliyevin fəaliyyəti ilə bir daha təsdiqlədi ki, artıq onun rəhbərlik etdiyi ölkə dünyada gedən qlobal proseslərə təsir etmək imkanına malikdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə 155 ölkənin səsini qazanaraq tarixi nailiyyətə imza atan Azərbaycan bu sınaqdan uğurla çıxdı və ölkəmiz 2012-ci il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başladı. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Azərbaycan Respublikasının da təmsil olunması ölkəmizin bu illər ərzində qazandığı nailiyyətlərin yekunu idi.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.

Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM