BMT: Türkiyə və Suriyada böyük humanitar yardıma ehtiyac var

10:28 | 09.02.2023
BMT: Türkiyə və Suriyada böyük humanitar yardıma ehtiyac var

BMT: Türkiyə və Suriyada böyük humanitar yardıma ehtiyac var

Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinin humanitar ehtiyacları çox böyükdür. Bu barədə bu iki ölkədəki BMT nümayəndələri məlumat yayıb.

BMT xatırladıb ki, təşkilat daha əvvəl zəlzələ zonasında axtarış-xilasetmə əməliyyatları və zərərçəkənlərə yardım üçün 25 milyon dollar ayrıldığını elan edib.

BMT-nin Suriya üzrə humanitar koordinatoru El-Mustafa Benlamlih BMT-nin Xəbər Xidmətinə müsahibəsində deyib ki, zəlzələnin baş verdiyi ərazilər Suriya hökumətinin nəzarəti altında olmadığından və tez-tez dağıntılar altında qaldığından, bütün ilkin təxminlər hələ də çox şərtlidir. Humanitar işçilərə çatmaq çətindir. Onun sözlərinə görə, ölən və yaralananların sayı ilə bağlı rəsmi statistika da reallığı əks etdirmir.


"Bu gün biz dəqiq bilirik ki, yerli əhalinin ehtiyacları böyükdür və dağıntıların səviyyəsi çox böyükdür. Türkiyə ilə sərhədə yaxın olan bölgə də zəlzələdən Türkiyənin Qaziantep şəhəri ilə eyni dərəcədə zərər çəkib. Bu, artıq 11 ildir davam edən böhran və müharibədən əziyyət çəkən ən kasıb ərazidir. İnsanlar evlərinə qayıda bilmirlər və onlar yerli məktəblərdə, xəstəxanalarda, məscidlərdə və kilsələrdə müvəqqəti sığınacaq tapıblar”, - BMT nümayəndəsi bildirib. 

Onun sözlərinə görə zamanında dəstək göstərilməsə Suriyada onsuz da çox çətin olan vəziyyət fəlakətli olacaq

BMT-nin məlumatına görə, indiki faciəvi hadisələrdən əvvəl 15,3 milyon suriyalının humanitar yardıma ehtiyacı olub. BMT-nin Suriya üzrə humanitar koordinatoru vurğulayıb ki, indi bu rəqəm əhəmiyyətli artım istiqamətində yenidən nəzərdən keçiriləcək.

BMT-nin yerdəki rəsmiləri bu gün təsdiqləyiblər ki, Türkiyədən Suriyaya yardım aparan yeganə sərhəd-keçid məntəqəsi olan Bab əl-Hava, Təhlükəsizlik Şurasının icazəsi ilə açıqdır.

"Ümumdünya Ərzaq Proqramı Türkiyə və Suriyada dağıdıcı zəlzələdən zərər çəkmiş həssas ailələrə yardım göstərməyə başlayıb. Yaxın üç-dörd ay ərzində yarım milyon qurbanın təcili humanitar ehtiyaclarını ödəmək üçün 46 milyon dollar lazımdır”, - deyə BMT sözçünün müavini Farhan Haq bildirib.

Zəlzələ başladığı anda Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) mətbuat katibi Olqa Borzenkova Türkiyənin ən çox zərər çəkmiş şəhərlərindən biri olan Qaziantepdə olub.

"Zərzələ eşidiləndə mən də Cənub-Şərqi Türkiyənin yüz minlərlə sakini kimi dərin yuxuda idim. Zəlzələ zonasında qəflətən oyanan bir insanın nə hiss etdiyini təsvir etmək mənim üçün çətindir - bu bölgədə indiyə qədər qeydə alınan ən güclülərdən biridir. Tamamilə sürreal idi. Döşəmə və divarlar titrəyir, əyilirdi və biz üçüncü mərtəbədən küçəyə qaçarkən yeganə arzu hər hansı bir binadan mümkün qədər tez uzaqlaşmaq idi. Bu, həyatımda yaşadığım ən pis kabusun altmış saniyəsi idi” , - Olqa Borzenkov bildirib. 

Olqa bildirib ki, zəlzələlərə çox meyilli olan Türkiyə bu illər ərzində dünya səviyyəli reaksiya mexanizmi qurub.

Beynəlxalq Miqrasiya Təşkilatı hazırda yardım üçün prioritet sahələri müəyyən etmək üçün Türkiyə hökuməti ilə məsləhətləşmələr aparır.

"Əlbəttə, müvəqqəti mənzillərə böyük ehtiyac olacaq. Minlərlə, bəlkə də yüz minlərlə insan evsiz qaldı. İndi hava soyuqdur, insanların yatmaq üçün bir yerə ehtiyacı olacaq. Onlara isti paltar, su, yemək, istilik lazımdır. Böyük emosional yaralar olacaq...”, - BMT nümayəndəsi əlavə edib.
 
Fevralın 6-da Türkiyədə və Suriyada 7.7 bala yaxın zəlzələ baş verib. Son məlumatlara görə Türkiyədə ölkənlərin sayı 12 873, 
Suriyada isə ölənlərin sayı 3042-yə çatıb. 
 
Türkiyədə yaralıların bu ana olan statistikası 62 937, Suriyada isə hələlik bu rəqəm açıqlanmır.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM