Əhalinin yaşlaşması və urbanizasiya yeni çağırış və imkanlar vəd edir. Bu mövzular Birləşmiş Millətlər Təşkilatının (BMT) aprelin 7-də Nyu-Yorkdakı mənzil-qərargahında işinə başlayan Əhali və inkişaf üzrə komissiyasının 74-cü sessiyasında müzakirə olunub.Sessiya iştirakçılarına müzakirə üçün BMT baş katibi Pan Gi Munun dünyanın demoqrafik tendensiyaları haqqında hesabatı təqdim edilib. “Müasir dünyanın demoqrafik tərkibi bəşəriyyət tarixində heç vaxt görünməyən rəngarəngliyi ilə seçilir. Doğum sayının yüksək olduğu ölkələr üçün yaş strukturunda çoxlu gənclərin olması və əhalinin yüksək artım tempi xarakterikdir, doğumun təkrar doğuş səviyyəsindən aşağı düşmüş ölkələrdə isə əhalinin sürətlə qocalması müşahidə olunur”, - BMT baş katibinin hesabatında deyilir.Hesabatda dünyanın demoqrafik vəziyyəti haqqında icmal yer almaqla 1994-cü ildə Qahirədə əhali və inkişaf üzrə beynəlxalq konfransda qəbul olunan Fəaliyyət proqramından sonra baş verən dəyişikliklər nəzərə alınmaqla regionlara və ölkələrə bölünüb.Sənəddə qeyd olunur ki, 2014-cü ilin əvvəlində dünya əhalisinin sayı 1994-cü ildəki 5,7 milyarddan 7,2 milyard nəfərə yüksəlib. Qarşıdakı onilliklərdə Afrika əhalisinin sayı xeyli artacaq. Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə bu qitənin əhalisinin sayı Cənubi Amerika və Karib hövzəsi əhalisinin sayını 6 dəfədən çox, Asiya əhalisinin artım tempini isə 15 dəfədən artıq üstələyəcək.2014-2050-ci illərdə qırxdan çox ölkədə əhalinin sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Almaniya, Çin, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tailand, Ukrayna və Yaponiyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq.Ekspertlər güman edirlər ki, 2025-ci ildə dünya əhalisinin sayı 8,1 milyard, 2050-ci ildə 9,6 milyard nəfər təşkil edəcək.1994-2014-cü illər ərzində yaşı 60-dan yuxarı olan əhalinin sayı iki dəfə artıb. Hazırda yaşlı əhalinin sayı beş yaşınadək olan uşaqların sayından çoxdur. 2050-ci ilədək yaşlı əhalinin ümumi sayının 21 faizə çatacağı proqnozlaşdırılır.Yaxın 35 ildə gənc əhalinin ümumi sayının nisbətən stabil qalacağı güman edilir.Hazırda Yer kürəsi əhalisinin yarıdan çoxu şəhər rayonlarında məskunlaşıb ki, bu da 3,9 milyard nəfər deməkdir. Eyni zamanda şəhər əhalisinin sayı artmaqda davam edir.BMT baş katibi hesabatda qeyd edib ki, dünya əhalisi gələcəkdə sayına, strukturuna və ərazi bölgüsünə görə indikindən bir qədər fərqlənəcək. Demoqrafik dəyişikliklər bundan sonra da iqtisadiyyat, ekologiya və siyasətə təsir göstərməkdə davam edəcək ki, bu da öz növbəsində özünü demoqrafik vəziyyətdə büruzə verəcək.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !